Binotto “Ferrari”ni sərt tənqid etdi: “Onlarda plan yox idi”

Hazırda “Audi”nin Formula 1 layihəsinə rəhbərlik edən Mattia Binotto keçmiş komandası “Ferrari” ilə bağlı kəskin fikirlər səsləndirib. İtaliyalı mütəxəssis yeni vəzifəsində əvvəlki təcrübəsindən istifadə edib-etməyəcəyi ilə bağlı suala olduqca sərt cavab verib.

Binotto bildirib ki, uğur qazanmayan bir komandadan nümunə götürmək məntiqsizdir. Onun sözlərinə görə, əsas məqsəd “Audi”ni qalib komandaya çevirməkdir və bu baxımdan fərqli yanaşma tətbiq olunur.

“Ferrari”ni nümunə götürmək və bu model əsasında “Audi”ni uğura aparmaq? Mən bunu niyə etməliyəm? “Ferrari” 2008-ci ildən bəri heç nə qazanmayıb. Mən isə istəyirəm ki, “Audi” qalib gəlsin”, – deyə Binotto vurğulayıb.

“Ferrari”də sistem yox idi

Keçmiş komanda haqqında danışan funksioner əlavə edib ki, “Ferrari”də aydın strategiya və strukturlaşmış iş prinsipi mövcud olmayıb. Onun fikrincə, komandada qərarlar daha çox sınaq və improvizasiya üzərində qurulurdu.

“Ferrari”də ümumi bir proses anlayışı yox idi. Biz sadəcə müxtəlif variantları yoxlayırdıq. Konkret məqsədlərə çatmaq üçün əvvəlcədən hazırlanmış plan demək olar ki, yox idi”, – deyə o bildirib.

Binotto “Audi”də isə tam fərqli yanaşmanın tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, alman istehsalçısında planlama əsas prioritetdir və hər bir addım əvvəlcədən müəyyən edilmiş strategiyaya uyğun atılır.

“Burada plan hər şeydən üstündür. Əvvəlcədən müəyyən edilmiş strategiya olmadan heç kim hərəkət etmir. Bu, “Audi”ni fərqləndirən əsas xüsusiyyətlərdən biridir”, – deyə Binotto əlavə edib.

Mütəxəssis həmçinin komandalar arasında mədəni və idarəetmə fərqlərinin də böyük rol oynadığını vurğulayıb. Onun fikrincə, uğurlu nəticələr əldə etmək üçün yalnız texniki potensial deyil, həm də düzgün idarəetmə modeli vacibdir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni