UFC-də (Ultimate Fighting Championship) iki çəki dərəcəsində keçmiş çempion olan Konor Makqreqor uzun fasilədən sonra yenidən idmana qayıtdığını rəsmən elan edib. İrlandiyalı döyüşçü antidopinq qaydalarını pozduğuna görə tətbiq edilən diskvalifikasiyadan sonra yenidən oktaqona dönməyə hazırlaşır.
Makqreqor bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib və qayıdışını özünəməxsus üslubda açıqlayıb. O, paylaşımında belə yazıb: “Şayiələr doğrudur! Cənab Özünəinam geri qayıdır ki, döyüşü xilas etsin”.
Diskvalifikasiya və qayıdış yolu
37 yaşlı idmançı qarışıq döyüş növlərində 22 qələbə və 6 məğlubiyyətlə yadda qalıb. O, karyerası ərzində UFC-də həm yüngül, həm də yarımyüngül çəkidə çempionluq kəmərlərini qazanaraq tarixə düşən döyüşçülərdən biri olub.
2024-cü ildə Makqreqor üç dəfə antidopinq testindən keçə bilmədiyi üçün cəzalandırılıb. Bu pozuntu nəticəsində ona qarşı 18 aylıq diskvalifikasiya tətbiq edilib və bu müddət 2026-cı il martın 20-də başa çatıb. Qeyd edək ki, bu tip qayda pozuntuları üçün standart cəza adətən iki il təşkil edir, lakin müəyyən yüngülləşdirici hallar nəzərə alınaraq onun cəzası azaldılıb.
Makqreqorun dönüşü MMA dünyasında böyük maraq doğurub. Onun yenidən rinqə qayıdışı həm azarkeşlər, həm də təşkilat üçün əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Döyüşçünün növbəti rəqibi və mümkün döyüş tarixi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.



