Özbəkistanın paytaxtı Daşkənddə keçirilən nərd üzrə “Asiya Qran Pri 2026” beynəlxalq turnirində qalib gələn azərbaycanlı idmançı Kənan Həsənzadə növbəti hədəflərini açıqlayıb. O bildirib ki, qazandığı uğurdan sonra daha böyük beynəlxalq yarışlarda iştirak etməyi planlaşdırır.
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının üzvü olan idmançı qeyd edib ki, turnir yüksək səviyyədə təşkil olunub və geniş iştirakçı heyəti ilə seçilib. Onun sözlərinə görə, yarışda 55-dən çox ölkədən təxminən 700 idmançı mübarizə aparıb.
Kənan Həsənzadə xüsusilə “Backgammon Blitz” kateqoriyasında əldə etdiyi nəticəni vurğulayıb. O, 256 iştirakçı arasında birinci yeri tutduğunu bildirib və bu formatın sürətli qərarvermə və yüksək diqqət tələb etdiyini qeyd edib.
Yeni məqsəd – dünya çempionatı
İdmançı bildirib ki, qarşıdakı mərhələdə əsas məqsədi bacarıqlarını inkişaf etdirmək və beynəlxalq turnirlərdə daha fəal iştirak etməkdir. Onun sözlərinə görə, planları arasında İngiltərədə keçiriləcək dünya çempionatında çıxış etmək xüsusi yer tutur:
“Daha böyük rəqabət mühitində özümü sınamaq istəyirəm. Dünya çempionatında iştirak etmək mənim üçün əsas hədəflərdəndir. Məqsədim yalnız iştirak deyil, həm də yüksək nəticə qazanmaqdır”.
Kənan Həsənzadə əlavə edib ki, belə hədəflərə çatmaq üçün yalnız fərdi hazırlıq kifayət etmir. Onun fikrincə, maliyyə dəstəyi, uyğun infrastruktur və məşqçi heyəti bu prosesdə mühüm rol oynayır.



