“Formula 1” dünyasında yaranmış fasiləyə baxmayaraq, bəzi yarışların tamamilə ləğv olunmadığı ehtimal edilir.
Mövsümün əvvəlində Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Prilərinin təxirə salınması təqvimdə boşluq yaradıb, lakin bu mərhələlərin sonradan keçirilməsi hələ də gündəmdədir. Mövcud vəziyyət Yaxın Şərqdəki gərginliklə əlaqələndirilir.
İran ətrafında baş verən hadisələr və regiondakı təhlükəsizlik məsələləri səbəbindən təşkilatçılar yarışları təxirə salmaq qərarı vermişdilər. Bununla belə, rəsmi açıqlamalarda həmin mərhələlərin birdəfəlik təqvimdən çıxarıldığı bildirilməmişdi.
Təqvimdə dəyişiklik ehtimalı
Keçmiş pilot və hazırda analitik kimi fəaliyyət göstərən Robert Doornbos Səudiyyə Ərəbistanı Qran Prisinin geri qayıda biləcəyini iddia edib. Onun sözlərinə görə, Ciddədə keçirilən yarış təşkilatçılar üçün xüsusi əhəmiyyət daşıyır və bu səbəbdən onu təqvimə qaytarmaq üçün müxtəlif variantlar nəzərdən keçirilir.
Doornbos bildirib ki, mümkün ssenarilərdən biri mövsümün son hissəsinin yenidən planlaşdırılmasıdır. Bu halda, Abu-Dabi mərhələsi bir həftə irəli çəkilə və araya Ciddə yarışı əlavə edilə bilər. Belə bir dəyişiklik mövsümün sonunda ardıcıl dörd yarışın keçirilməsinə səbəb ola bilər: Las Veqas, Qətər, Ciddə və Abu-Dabi.
Mövsüm finalı ilə bağlı məhdudiyyət
Bununla yanaşı, Ciddə yarışının mövsümün sonuncu mərhələsi kimi keçirilməsi mümkün görünmür. Analitik qeyd edib ki, Abu-Dabi ilə bağlanmış uzunmüddətli müqaviləyə əsasən, həmin şəhər artıq uzun illərdir mövsümün final yarışına ev sahibliyi edir və bu şərt dəyişdirilə bilməz.
Hazırda əsas sual Yaxın Şərqdəki vəziyyətin yaxın aylarda sabitləşib-sabitləşməyəcəyidir. Əgər regionda təhlükəsizlik təmin olunarsa, təxirə salınmış yarışların keçirilməsi real görünür. Əks halda, təkcə Ciddə deyil, digər mərhələlərin də taleyi sual altında qala bilər.



