Formula 1-də yeni mövsümün texniki yenilikləri komandaların hazırlıq prosesinə təsir göstərməkdə davam edir. Beynəlxalq Avtomobil Federasiyası (FIA) Mayami Qran-prisi öncəsi yarış formatında mühüm dəyişiklik etdiyini açıqlayıb.
Qərara əsasən, Mayamidə keçiriləcək yeganə sərbəst yürüş sessiyasının müddəti artırılıb. Əvvəllər 60 dəqiqə davam edən FP1 bu dəfə 90 dəqiqə olacaq. Bu dəyişiklik sprint formatlı yarış həftəsonu ilə bağlı qəbul edilib.
Dəyişikliklərin səbəbi nədir?
Mayami mərhələsi sprint formatında keçirildiyinə görə ikinci və üçüncü sərbəst yürüşlər proqramda yer almır. Məhz buna görə FIA komandaların hazırlığını kompensasiya etmək üçün ilk sessiyanın vaxtını uzatmaq qərarına gəlib.
Qurumun açıqlamasına görə, bu addım 2026-cı il üçün tətbiq olunan yeni texniki reqlamentin tələbləri ilə də bağlıdır. Komandaların yeni komponentləri test etməsi və bolidləri dəyişikliklərə uyğunlaşdırması üçün əlavə vaxta ehtiyac olduğu bildirilib.
Yenilənmiş cədvələ əsasən, sərbəst yürüş sessiyası yerli vaxtla saat 12:00-dan 13:30-a qədər davam edəcək (Bakı vaxtı ilə isə bu, 20:00–21:30 aralığına təsadüf edir). Bundan əlavə, trekdə sessiyadan əvvəl planlaşdırılmış digər tədbirlərin də vaxtı 30 dəqiqə irəli çəkilib.
Qərarın qəbulunda son Qran-pridən sonra yaranan fasilə, yeni texniki qaydaların tətbiqi və sprint həftəsonunun sıx proqramı nəzərə alınıb. Məqsəd komandaların həm təhlükəsiz, həm də effektiv şəkildə yeni şəraitə uyğunlaşmasını təmin etməkdir.



