Portuqaliyalı mütəxəssis Joze Mourinyonun gələcəyi yenidən futbol gündəminin əsas mövzularından birinə çevrilib. Təcrübəli baş məşqçi son açıqlamasında mövsümün sonunda taleyinə aydınlıq gətiriləcəyini bildirib və mümkün ayrılıq ehtimalını istisna etməyib.
Mourinyo jurnalistlərin sualına qısa və sərt cavab verərək bildirib: “Hamı vəziyyəti anlayır. Mövsüm bitəndən sonra qərar vermək üçün 10 günümüz olacaq – ya davam edəcəyik, ya da yollar ayrılacaq. Mən deməli olduğumu demişəm, əlavə edəcək sözüm yoxdur”.
Bu açıqlama onun hazırkı komandası ilə gələcəyinin qeyri-müəyyən olduğunu bir daha təsdiqləyib.
“Real Madrid” variantı gündəmdədir
Məlumata görə, Mourinyonun müqaviləsində mövsüm başa çatdıqdan sonra müəyyən müddət ərzində cəriməsiz ayrılmaq imkanı mövcuddur. Bu isə onun adı ətrafında “Real Madrid”lə bağlı iddiaları yenidən gündəmə gətirib. İspaniya nəhəngi yeni baş məşqçi axtarışında adı çəkilən əsas klublardan biri kimi göstərilir.
Mənbələr iddia edir ki, əgər Madrid klubundan rəsmi təklif gəlsə, Mourinyo bu variantı ciddi şəkildə nəzərdən keçirə bilər. Belə bir qərar həm klubun yay hazırlıqlarına erkən başlaması, həm də komandanın formalaşdırılması və məşqçi heyətinin seçimi baxımından vacib ola bilər.
Digər namizədlər – Didye Deşam və Maurisio Poçettino kimi mütəxəssislər isə hazırda milli komandalarla müqavilə altındadır və diqqətlərini beynəlxalq turnirlərə yönəldiblər. Bu səbəbdən Mourinyo variantı daha real görünən ssenarilərdən biri kimi qiymətləndirilir.
Qayıdış müzakirələrə səbəb olub
Portuqaliyalı mütəxəssisin “Real Madrid”ə mümkün dönüşü futbol ictimaiyyətində birmənalı qarşılanmır. Bir tərəf bunu onun üçün böyük fürsət hesab edir – Mourinyo yenidən Avropa futbolunun zirvəsinə qayıda bilər. Digər tərəfdən isə bəzi keçmiş oyunçular bu addıma şübhə ilə yanaşır.
Məsələn, sabiq madridli futbolçu Quti bildirib: “Mourinyo böyük məşqçidir, amma düşünürəm ki, hazırda ən yaxşı formasında deyil. Çətin dövrdə “Benfika”ya gəldi, lakin hazırda ondan daha yaxşı vəziyyətdə olan məşqçilər var”.
Buna baxmayaraq, Mourinyonun klub prezidenti Florentino Pereslə yaxşı münasibətləri və əvvəlki dövrdə qazandığı uğurlar onun xeyrinə işləyə biləcək əsas faktorlardan sayılır. O, “Santyaqo Bernabeu”dakı əvvəlki üç illik fəaliyyəti dövründə komandanı yenidən rəqabətədavamlı səviyyəyə qaytarmışdı.
Azarkeşlər arasında da fikir ayrılığı var. Bəziləri Mourinyonun qayıdışını dəstəkləsə də, digərləri onun əvvəlki dönəmdə yaşanan daxili gərginlikləri və mübahisələri xatırladaraq ehtiyatlı yanaşır.
Beləliklə, yaxın həftələr Mourinyonun karyerası baxımından həlledici ola bilər. Mövsümün bitməsindən sonra veriləcək qərar həm onun, həm də Avropa futbolunun gələcək planlarına ciddi təsir göstərə bilər.



