UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları böyük maraqla start götürüb. İlk görüş artıq azarkeşlərə bol qollu və dramatik futbol bəxş edib, bu gün isə növbəti nəhənglərin dueli keçiriləcək.
Fransada baş tutan qarşılaşmada PSJ öz meydanında Almaniyanın “Bavariya” klubunu qəbul edib. “Park de Prens” stadionunda oynanılan görüş əsl qol şousuna çevrilib və meydan sahiblərinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Parisdə 9 qollu futbol gecəsi
Oyuna daha yaxşı başlayan tərəf qonaqlar olsa da, PSJ qısa müddətdə təşəbbüsü ələ alıb. Qarşılaşma ərzində hesab bir neçə dəfə dəyişib və sonadək gərginlik qorunub.
Paris klubunun heyətində Xviça Kvaratsxeliya və Usman Dembele dubl müəllifi olub, Xuan Neves isə bir dəfə fərqlənib. “Bavariya”nın qollarını Harri Keyn, Maykl Olise, Dayo Upamekano və Luis Dias vurub.
Bu nəticə ilə PSJ cavab oyunu öncəsi minimal üstünlük qazansa da, finala vəsiqənin taleyi hələ açıq qalır. Komandalar arasında ikinci görüş mayın 6-da keçiriləcək.
Bu gün Madriddə növbəti yarımfinal
Yarımfinal mərhələsinin digər oyunu bu gün İspaniyada baş tutacaq. Madridin “Atletiko” klubu doğma “Metropolitano” stadionunda İngiltərənin “Arsenal” komandasını qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunu niderlandlı hakim Denni Makkeli idarə edəcək. Bu cütün cavab matçı isə mayın 5-də keçiriləcək.



