Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz hücumçu Kriştiano Ronaldo “Əl-Əhli” ilə qarşılaşmadan sonra rəqib fanatların ona qarşı etdiyi istehza və məsxərələrə sərt reaksiya verib.
Sport-az.com xəbər verir ki, tanınmış insayder Fabrizio Romano bu hadisə ilə bağlı öz “X” hesabında paylaşım edib. Futbolçudan müsahibə alındığı vaxt tribunada olan azarkeşlər ona qarşı qıcıqlandırıcı ifadələr işlətməyə başlayıblar. Ronaldo isə bu tənqidlərə gülümsəyərək əli ilə beş rəqəmini işarə edib və rəqib tərəfdarlarına xatırlatma edib:
“Mən beş dəfə Çempionlar Liqasının kubokunu başım üzərinə qaldırmışam, tam beş dəfə!”
Xatırladaq ki, aprelin 29-da Səudiyyə Ərəbistanı çempionatının 30-cu turu çərçivəsində “Əl-Nəsr” doğma meydanı olan “Əl-Əvval Park”da “Əl-Əhli”ni qəbul edib. Gərgin keçən mübarizə meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın 76-cı dəqiqəsində Joao Feliksin ötürməsini qola çevirən Kriştiano Ronaldo komandasını önə keçirib. Bu dəqiq zərbə həm də dünya ulduzunun peşəkar karyerasında vurduğu 970-ci qol kimi tarixə düşüb.



