Niderland futbolunda sənəd böhranı: Erediviziyanın 133 matçının nəticəsi ləğv edilə bilər

Niderlandın yüksək futbol liqası olan Erediviziyada oyunçuların qeydiyyatı ilə bağlı yaşanan ciddi qanun pozuntuları böyük bir qalmaqala yol açıb. Sənədlərin rəsmiləşdirilməsi zamanı yol verilən yanlışlıqlara görə ümumilikdə 133 qarşılaşmanın nəticəsinin etibarsız sayılması gündəmdədir.

ESPN telekanalının yaydığı məlumata görə, 100-dən çox oyunun nəticəsinin yenidən araşdırılmasının səbəbi bəzi futbolçuların lazımi icazələr olmadan meydana çıxmasıdır. Sözügedən oyunçuların əksəriyyəti Surinam, İndoneziya və Kabo-Verde kimi ölkələrin milli komandalarında çıxış etmək məqsədilə həmin dövlətlərin vətəndaşlığını qəbul ediblər.

Yerli qanunvericiliyin tələbləri isə bu məsələdə kifayət qədər sərtdir. Əgər bir idmançı başqa bir ölkənin vətəndaşlığını seçirsə, o, Niderland pasportundan imtina etməli və ölkədə fəaliyyət göstərmək üçün xüsusi iş icazəsi almalıdır. İdman hüququ sahəsində ekspert, professor Maryan Olfers mövcud vəziyyəti belə şərh edib:

“Futbolçu Niderland vətəndaşlığından çıxdığı andan etibarən fərqli bir hüquqi yurisdiksiyaya daxil olur. O, artıq rəsmi olaraq legioner statusu daşıyır və buna uyğun sənədləşmə tələb olunur”.

Maraqlıdır ki, bu tip kütləvi qayda pozuntuları uzun illər boyu səlahiyyətli qurumların diqqətindən yayınıb. Məsələ yalnız son aylarda “NAK Breda” klubunun etirazından sonra ictimailəşib. Klub rəhbərliyi problemli oyunçuların iştirak etdiyi matçlardan birinin təkrar keçirilməsini rəsmən tələb etsə də, Niderland Futbol İttifaqı ilkin mərhələdə bu müraciəti geri çevirib. Hazırda klubun apellyasiya şikayəti əsasında hüquqi proses davam edir.

Əgər iddialar sübuta yetirilərsə, Niderland çempionatının turnir cədvəlində və klubların statistikasında köklü dəyişikliklərin baş verməsi qaçılmaz olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni