Portuqaliyanın “Benfika” klubu baş məşqçi José Mourinho ilə müqavilənin uzadılması istiqamətində apardığı danışıqları müvəqqəti dayandırıb. Klub rəhbərliyi təcrübəli mütəxəssislə əməkdaşlığı davam etdirmək niyyətində olsa da, tərəflər arasında aparılan son görüşlər hələlik nəticəsiz qalıb.
Lissabon təmsilçisi ötən ilin sentyabrında start verilən layihəni davam etdirmək və Mourinyonu uzunmüddətli planın əsas fiquru kimi saxlamaq istəyirdi. Lakin klub prezidenti Rui Costa və rəhbərlik yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
Mourinyonun adı “Real”la hallanır
İspaniya mətbuatında yayılan xəbərlərə görə, 63 yaşlı məşqçi hazırda Real Madrid üçün əsas namizədlərdən biri hesab olunur. Madrid klubunun gələcək planlarında Mourinyonun təcrübəsi və böyük oyunlarda qazandığı uğurların vacib rol oynaya biləcəyi bildirilir.
Portuqaliyalı mütəxəssis daha əvvəl də “Real Madrid”i çalışdırıb və komanda ilə İspaniya çempionluğu qazanıb. Bu səbəbdən onun yenidən Madridə qayıtmaq ehtimalı futbol ictimaiyyətində ciddi maraq doğurub.
Hazırda Mourinyonun “Benfika” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir. Bununla yanaşı, yayılan məlumatlara əsasən, məşqçi istədiyi halda müqaviləyə daxil edilmiş 3 milyon avroluq bəndi ödəyərək klubdan ayrıla bilər.
Portuqaliya mediası bildirir ki, “Benfika” rəhbərliyi tələsmək niyyətində deyil və yekun qərarın mövsüm başa çatdıqdan sonra veriləcəyi gözlənilir. Mourinyonun özü isə gələcəyi ilə bağlı hələ rəsmi açıqlama verməyib.



