“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının ikinci mərhələsi gərgin mübarizə və maraqlı finişlə yadda qalıb. Velosipedçilər “Sea Breeze”dən start götürərək İsmayıllıya qədər 193,3 kilometrlik məsafəni qət ediblər.
Yarışın ikinci etapında Qazaxıstanın “Astana” komandasının üzvü Yevgeni Fyodorov finiş xəttini birinci keçib. O, məsafəni 4 saat 41 dəqiqə 38 saniyəyə başa vuraraq mərhələnin qalibi olub.
Medalçılar İsmayıllıda mükafatlandırıldı
Mərhələdən sonra İsmayıllıda qaliblərin təltifetmə mərasimi keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti və yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov iştirak ediblər.
İkinci mərhələnin medalçıları:
- Qızıl medal: Yevgeni Fyodorov, Qazaxıstan
- Gümüş medal: Aleksandr Balmer, İsveçrə
- Bürünc medal: Erik Antonio Faqundes, Uruqvay
İkinci yarış günü daha çətin profili ilə seçilib. Marşruta 3 dağ yoxuşu və 2 sprint təsnifatı daxil edilib ki, bu da idmançılar üçün əlavə fiziki sınaq yaradıb.
Final Xankəndidə keçiriləcək
Xatırladaq ki, yarışın ilk mərhələsində Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko qalib olmuşdu. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir.
Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Son mərhələ Xankəndi şəhərində təşkil olunacaq.



