Serxio Ramos doğma klubu “Sevilya”nı almağa çox yaxınlaşıb.

“ABC de Sevilla”nın məlumatına görə, Serxio Ramos və “First Eleven Capital” “Sevilya” klubunun alınması ilə bağlı danışıqları intensivləşdirib. Keçmiş “Real Madrid” kapitanı səhmdarlarla təxminən səkkiz saat davam edən görüşdə şəxsən iştirak edib.

İspaniya mediası yazır ki, toplantı Andalusiyanın paytaxtında yerləşən hotellərdən birində keçirilib. Ramosu görüşdə qardaşı Rene Ramos, ailə üzvləri, hüquqşünaslar və maliyyə məsləhətçiləri müşayiət ediblər. Satıcı tərəfi isə keçmiş prezident Xose Kastro, Rafael və Fernando Karrion, həmçinin Karolina Ales təmsil edib.

“ABC de Sevilla” bildirir ki, danışıqlar artıq əsas mərhələyə daxil olub və tərəflər arasında ümumi ab-hava müsbətdir. Hələ razılaşdırılmalı bəzi texniki detallar qalsa da, ciddi fikir ayrılığının olmadığı qeyd olunur.

Məlumata görə, “Sevilya”nın alınması üçün tələb olunan ümumi məbləğ borclar daxil olmaqla 400 milyon avro səviyyəsində qiymətləndirilir. Klubun əsas səhmdarlarından Xose Mariya del Nido Benaventenin görüşdə iştirak etmədiyi, lakin öz payının satışı ilə bağlı sənədi imzaladığı iddia olunur.

Ramos prosesi sürətləndirmək istəyir

Serxio Ramos indiyə qədər danışıqlarda daha çox arxa planda qalırdı. Lakin “Sevilya”nın La Liqada mövqeyini qorumağa yaxınlaşması fonunda o, artıq prosesə daha açıq şəkildə qoşulub. İspaniya mətbuatı yazır ki, keçmiş müdafiəçi doğma klubunun gələcək idarəçiliyində mühüm rol oynamaq istəyir.

Ramos və “First Eleven Capital” tərəfindən təqdim olunan niyyət məktubunun müddəti mayın 31-də başa çatır. Bu səbəbdən tərəflər mümkün razılaşmanı yaxın günlərdə yekunlaşdırmağa çalışırlar.

Sövdələşmənin qüvvəyə minməsi üçün İspaniya Ali İdman Şurası və La Liqanın təsdiqi də tələb olunacaq. Qaydalara əsasən, idman səhmdar cəmiyyətinin 25 faizdən çox payının alınması xüsusi icazə olmadan mümkün deyil.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni