Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin növbəti rəqibi müəyyənləşib. İdmançı nüfuzlu Qran-Pri turnirində mərakeşli Məhəmməd Tuçaşi ilə üz-üzə gələcək.
Kikboksinq dünyasında böyük maraq doğuran yarım ağır çəki üzrə Qran-Pri turnirinin bütün iştirakçıları artıq təsdiqlənib. Yeni dünya çempionu iyunun 13-də Niderlandın Rotterdam şəhərində keçiriləcək möhtəşəm döyüş gecəsində müəyyənləşəcək.
Turnir bir gecəlik formatda keçiriləcək və 8 döyüşçü çempionluq uğrunda mübarizə aparacaq. Qalib olmaq üçün iştirakçı üç döyüş keçirərək bütün rəqiblərini məğlub etməlidir.
Turnirin iştirakçıları:
- Bəhram Rəcəbzadə (73 qələbə, 6 məğlubiyyət, 65 nokaut)
- Artem Vaxitov (22-7, 8 nokaut)
- Maykl Boapeah (23-6-1, 9 nokaut)
- Məhəmməd Tuçaşi (20-3, 14 nokaut)
- Cem Caçeres (20-3, 14 nokaut)
- Donovan Visse (23-2, 10 nokaut)
- Məhəmməd Həmdi (22-4, 10 nokaut)
- Luis Tavares (65-11, 21 nokaut)
Bu ayın sonlarında keçiriləcək püşkatma mərasimi ilə 1/4 final cütlükləri və turnir cədvəli dəqiqləşəcək.
Gecənin digər əsas qarşılaşmaları
Turnir gecəsində ağır çəkidə də titul döyüşü baş tutacaq. Mövcud çempion Mori Kromah (37-3-1, 21 nokaut) kəmərini Miloş Cvjetiçanin (19-5, 10 nokaut) qarşı qorumağa çalışacaq.
Bu qarşılaşma əvvəl baş tutmalı olan, lakin zədə səbəbindən təxirə salınmış döyüşün davamı kimi qiymətləndirilir. Hər iki idmançı üçün bu görüş prinsipial əhəmiyyət daşıyır.
Eyni zamanda, Xorvatiya təmsilçisi Antonio Plazibat (23-5, 16 nokaut) növbəti döyüşünə çıxacaq. Onun rəqibi 2025-ci ilin ən parlaq çıxış edən döyüşçülərindən biri sayılan Anis Buzid (49-5, 37 nokaut) olacaq.
Qeyd edək ki, bu yarış yay mövsümünün ən böyük kikboksinq tədbirlərindən biri kimi qiymətləndirilir və artıq biletlər satışdadır.



