Azərbaycanlı peşəkar boksçu Məhəmmədəli Nuruşov qarşıdakı vacib döyüş öncəsi rəqibi Bobirjon İsroilova sərt mesaj göndərib. “İspançik” ləqəbi ilə tanınan özbək idmançı ilə görüş ərəfəsində səsləndirilən bu açıqlama döyüşə marağı daha da artırıb.
Nuruşov sosial şəbəkə hesabında paylaşdığı mesajda rəqibinə açıq çağırış edib və qarşılaşmadan imtina etməyin hələ mümkün olduğunu vurğulayıb. O, paylaşımında qısa və konkret şəkildə bildirib: “Döyüşdən imtina etmək hələ gec deyil”.
Azərbaycanlı boksçu qeyd edib ki, o, rinqə yalnız qələbə üçün çıxmayacaq. Nuruşov üçün bu qarşılaşma həm də şəxsi və emosional məna daşıyır. İdmançı bildirib ki, əsas məqsədlərindən biri Azərbaycan bayrağını ucalara qaldırmaqdır.
“Elə bilirsiniz, bizim qardaşımızın qisası yoxdu? Mən ora ilk növbədə bayrağımızı dalğalandırmağa və dostum Emilin qisasını almağa gedirəm”, – deyə o vurğulayıb.
Daşkənddə böyük qarşılaşma gözlənilir
Məlumata görə, Bobirjon İsroilov da bu döyüşə ciddi yanaşır və qarşılaşmanı əvvəlki məğlubiyyətlərin revanşı kimi qiymətləndirir. Bu isə rinqdə daha gərgin və prinsipial mübarizənin olacağına işarə edir.
“All Stars Entertainment” təşkilatının açıqlamasına əsasən, 6 iyun tarixində Daşkənddə yerləşən “Humo Arena”da iri miqyaslı peşəkar və media boks gecəsi keçiriləcək. Gecənin əsas qarşılaşmalarından biri məhz Nuruşov – İsroilov dueli olacaq.
Təşkilatçılar bu döyüşü “yarımçıq qalan hesabların rinqdə həll olunacağı” qarşılaşmalardan biri kimi təqdim edir. Bütün bunlar göstərir ki, azarkeşləri emosional və yüksək gərginlikli bir döyüş gözləyir.




