UEFA-dan böyük dəyişiklik: Millətlər Liqası və seçmələr yenilənir

UEFA 2028-ci ildən etibarən Avropa Millətlər Liqası və milli komandalar üçün seçmə mərhələlərin formatında ciddi dəyişikliklərə gedəcəyini açıqlayıb. Yeni sistem mövcud Çempionlar Liqasının modelinə bənzər şəkildə qurulacaq və turnirlərə daha çox dinamika gətirməyi hədəfləyir.

Qurumun İcraiyyə Komitəsinin İstanbulda keçirilən iclasında təqdim edilən plana əsasən, 2018-ci ildən keçirilən Millətlər Liqası artıq əvvəlki kimi 4 deyil, 3 diviziondan ibarət olacaq. Hər divizionda 18 komanda yer alacaq və strukturun yekun variantı sentyabr ayında təsdiqlənəcək.

Yeni format: daha az təsadüfi oyun, daha çox rəqabət

Yenilənmiş sistemdə hər divizion 6 komandadan ibarət 3 qrupa bölünəcək. Komandalar bu mərhələdə:

  • 4 fərqli rəqiblə bir oyundan,
  • 1 rəqiblə isə ev-səfər formatında qarşılaşacaq

Beləliklə, hər yığma ümumilikdə 6 oyun keçirəcək. Turnir ənənəvi qaydada – pley-off mərhələsi, yarımfinal və final oyunları ilə yekunlaşacaq. Bundan əlavə, yüksəlmə və enmə uğrunda qarşılaşmalar da saxlanılacaq.

Seçmə mərhələlər də paralel olaraq yenidən qurulacaq. Avropa çempionatı və dünya çempionatına vəsiqə uğrunda mübarizə iki “liqa” prinsipi ilə təşkil olunacaq. Birinci liqada Millətlər Liqasının ən güclü 36 komandası, ikinci liqada isə qalan yığmalar yer alacaq.

Birinci liqa 12 komandadan ibarət 3 qrupa bölünəcək və hər komanda müxtəlif səbətlərdən seçilmiş 6 rəqiblə qarşılaşacaq. Bu yanaşma klub turnirlərində tətbiq edilən müasir sistemə uyğunlaşdırılıb.

Çeferin: “Daha balanslı və maraqlı yarışlar olacaq”

UEFA prezidenti Aleksander Čeferin yeni formatın məqsədini belə izah edib:

“Yeni sistem yarışlar arasında balansı artıracaq, formal xarakterli oyunların sayını azaldacaq və azarkeşlər üçün daha cəlbedici mübarizə yaradacaq. Eyni zamanda bütün komandalar üçün ədalətli seçim imkanları qorunacaq və beynəlxalq təqvimdə əlavə yüklənmə olmayacaq”.

Yeni modelin əsas üstünlüklərindən biri də seçmə mərhələdə birinci liqanın qrup qaliblərinin birbaşa böyük turnirlərə vəsiqə qazanmasıdır. Digər yerlər isə pley-off vasitəsilə, o cümlədən ikinci liqanın komandaları üçün açıq olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni