“Aston Villa” UEFA Kuboku/Avropa Liqası tarixində kuboku başı üzərinə qaldıran altıncı ingilis klubu kimi tarixə düşüb. Birmingem təmsilçisi 2025/2026 mövsümünün finalında Almaniyanın “Frayburq” komandasını 3:0 hesabı ilə məğlub edərək uzun fasilədən sonra Avropada böyük uğura imza atıb.
Final qarşılaşması İstanbulda, “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Tüpraş” stadionunda baş tutub. Görüşü fransalı referi Fransua Leteksye idarə edib. “Aston Villa” qələbəni Yuri Tilemans, Emiliano Buendia və Morqan Rocersin qolları ilə rəsmiləşdirib.
İstanbulda tarixi gecə
Bu nəticə “Aston Villa” üçün xüsusi əhəmiyyət daşıyır. Klub sonuncu dəfə böyük titul sevincini 1996-cı ildə Liqa Kubokunda yaşamışdı. Avropa səhnəsində isə Birmingem təmsilçisinin əvvəlki ən parlaq uğuru 1982-ci ildə Avropa Kubokunu qazanması idi.
Baş məşqçi Unai Emeri də növbəti dəfə Avropa Liqasının ən uğurlu mütəxəssislərindən biri olduğunu təsdiqləyib. İspaniyalı çalışdırıcı bu turnirdə beşinci dəfə çempionluq sevinci yaşayıb.
“Frayburq” üçün bu final klub tarixində ilk böyük Avropa həlledici oyunu idi. Lakin Almaniya təmsilçisi İstanbulda “Aston Villa”nın hücum gücü və təcrübəsi qarşısında tab gətirə bilməyib.




