Çin Futbol Assosiasiyası ölkə futbolunda danışılmış oyunlar, mərc və korrupsiya halları ilə bağlı növbəti ciddi qərarlarını açıqlayıb. Federasiyanın İntizam və Etika Komitəsi tərəfindən aparılan araşdırmalardan sonra onlarla şəxs müxtəlif müddətli cəzalar alıb.
Qərara əsasən, 17 nəfər futbol fəaliyyətindən ömürlük uzaqlaşdırılıb. Daha 48 nəfər isə 5 il və ya daha az müddətə futboldan kənarlaşdırılıb. Cəzalanan şəxslər arasında klub rəhbərləri, məşqçilər və keçmiş hakimlər də var.
Klub rəhbərləri və məşqçilər cəzalandırıldı
Araşdırmalar nəticəsində “Şençjen” klubunun sabiq baş meneceri Li Syaoqan, “Meyçjou Hakka”nın keçmiş rəhbəri Cao Yan və “Sindzyan Tyanşan”ın eks-baş məşqçisi Li Tszyun ömürlük diskvalifikasiya olunublar. Onların danışılmış oyunlar, nəticələrin manipulyasiyası və rüşvət almaqda iştirak etdiyi bildirilib.
Bundan başqa, “Meyçjou Hakka” klubu da ağır sanksiya ilə üzləşib. Komandanın hesabından 6 xal silinib və klub 800 min yuan məbləğində cərimə olunub.
Beş illik cəza alanlar sırasında keçmiş hakim Çen Sin, “Quançjou Everqrand”ın sabiq funksioneri Qao Han və “Şanxay Şenhua”nın keçmiş prezidenti U Syaohuey də yer alır.
Son illərdə Çində futbolda korrupsiyaya qarşı mübarizə daha sərt mərhələyə keçib. Yerli federasiya və dövlət qurumları danışılmış oyunlar və qanunsuz mərc şəbəkələrinə qarşı genişmiqyaslı araşdırmalar aparır.
2024-cü ildə Çin millisinin keçmiş baş məşqçisi Li Te korrupsiya ittihamı ilə 20 il həbs cəzası almışdı. Çin Futbol Assosiasiyasının sabiq prezidenti Çen Süyuan isə rüşvət qalmaqalına görə ömürlük azadlıqdan məhrum edilib.




