Formula 1 üzrə Kanada Qran-prisi mövsümün ən gərgin yarışlarından biri ilə yadda qalıb. “Mercedes” pilotu Kimi Antonelli Monreal trasında qələbə qazanaraq dünya çempionatında üstünlüyünü daha da artırıb. Gənc italiyalı sürücü bununla ardıcıl dördüncü yarışını qalib başa vurub.
Yarışın ilk dövrələrində Antonelli ilə Corc Rassel arasında maraqlı mübarizə yaşansa da, britaniyalı pilotun texniki problem səbəbindən yarışı dayandırması vəziyyəti dəyişib. Bu nəticədən sonra Antonelli pilotlar sıralamasında əsas rəqibləri ilə xal fərqini artırıb.
Həmilton “Ferrari” ilə ən yaxşı nəticəsini əldə etdi
Kanadada diqqət çəkən məqamlardan biri də Lyuis Həmiltonun performansı olub. Təcrübəli britaniyalı pilot “Ferrari” ilə mövsümdəki ən uğurlu nəticəsini göstərərək ikinci yeri tutub. Maks Ferstappen isə son dövrələrdə rəqibinə təzyiq göstərsə də, yarışı üçüncü pillədə başa vurub.
Yarış ümumilikdə dramatik hadisələrlə yadda qalıb. Altı pilot finişə çata bilməyib. Onların arasında son dünya çempionu Lando Norris də yer alıb. “Alpine” komandası isə Franko Kolapinto və Pyer Qaslinin hesabına mühüm xallar qazanaraq uğurlu həftəsonu keçirib.
2026 Formula 1 Kanada Qran-prisi:
- Kimi Antonelli (“Mercedes”)
- Lyuis Həmilton (“Ferrari”) +10.768
- Maks Ferstappen (“Red Bull”) +11.276
- Şarl Lekler (“Ferrari”) +44.151
- İsak Hacar (“Red Bull”) +1 dövrə
- Franko Kolapinto (“Alpine”) +1 dövrə
- Liam Louson (“Racing Bulls”) +1 dövrə
- Pyer Qasli (“Alpine”) +1 dövrə
- Karlos Sayns (“Williams”) +1 dövrə
- Oliver Berman (“Haas”) +1 dövrə
Yarışı başa vura bilməyən pilotlar arasında Corc Rassel, Lando Norris, Fernando Alonso və Serxio Peres də olub.




