Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzu Kriştianu Ronaldunun kolleksiya kartı hərracda rekord məbləğə alıcı tapıb. Futbol dünyasında böyük maraq doğuran nadir “2018 Panini Kaboom” kartı 1,35 milyon dollara satılıb.
Söhbət Ronaldunun “Yuventus”da çıxış etdiyi dövrə aid olan eksklüziv kartdan gedir. Kartın bu qədər yüksək qiymətə satılması həm kolleksiya bazarında, həm də futbol memorabilia sektorunda yeni rekordlardan biri kimi qiymətləndirilir.
Futbol tarixinin ən bahalı kartlarından biri
Yeni satış Ronaldunun adına məxsus əvvəlki rekordu da böyük fərqlə geridə qoyub. Cəmi bir neçə gün əvvəl onun başqa bir nadir kartı 420 min dollara satılmışdı. Son hərrac isə həmin göstəricini üç dəfədən çox üstələyib.
Bu kart həm də futbol tarixində ən bahalı ikinci kolleksiya kartı statusunu əldə edib. Siyahıda ilk pillədə Lionel Messinin debüt kartı qərarlaşıb. Həmin kart bir müddət əvvəl 1,5 milyon dollara satılmışdı. Üçüncü sırada isə braziliyalı əfsanə Peleyə aid kart yer alır.
Ekspertlərin sözlərinə görə, Ronaldunun kartının bu qədər baha satılmasının əsas səbəblərindən biri onun dünyada yeganə nüsxə olmasıdır. Bundan başqa, kart “Professional Sports Authenticator” tərəfindən PSA 10 — yəni ideal vəziyyət qiyməti alıb.
Son illərdə futbolçulara aid nadir kolleksiya kartlarına maraq sürətlə artır. Xüsusilə Ronaldu, Messi və Pele kimi əfsanələrin eksklüziv kartları investorlar və kolleksiyaçılar arasında ən dəyərli əşyalar hesab olunur.




