Meksikalı məşhur boksçu Saul “Kanelo” Alvares yenidən Terens Kroufordla rinqə çıxmaq arzusunda olduğunu açıqlayıb. Keçmiş dünya çempionu bildirib ki, amerikalı rəqibinin karyerasını başa vurmasına baxmayaraq, revanş döyüşünün baş tutmasını istəyir.
Kanelo açıqlamasında ötən ilin ən çox müzakirə olunan döyüşlərindən birinə də toxunub. Xatırladaq ki, Alvares və Krouford arasında qarşılaşma 14 sentyabr 2025-ci ildə keçirilmiş və amerikalı boksçunun yekdil hakim qərarı ilə qələbəsi ilə nəticələnmişdi.
“Bilirəm ki, Krouford karyerasını bitirib. Amma mən yenə də onunla döyüşmək istərdim. Ümid edirəm ki, revanş təşkil etmək mümkün olacaq. Azarkeşlər üçün bu, möhtəşəm qarşılaşma olar”, – deyə Alvares bildirib.
Krouford məğlubedilməz karyera ilə ayrılıb
Terens Krouford ötən il peşəkar boksu rəsmən tərk etdiyini açıqlayıb. Amerikalı idmançı karyerasını 42 qələbə və heç bir məğlubiyyət olmadan başa vurub.
Krouford həmçinin boks tarixində üç fərqli çəki dərəcəsində mütləq dünya çempionu olan ilk idmançı kimi rekord müəyyənləşdirib. Onun texniki imkanları və taktiki üstünlüyü uzun illər ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
Kanelo isə bildirib ki, gələcək planlarını yalnız bir rəqib üzərində qurmaq niyyətində deyil:
“Mən heç kimi gözləmirəm. Hər zaman planım var. Amma Kroufordla yenidən döyüşmək istəyərdim”, – deyə meksikalı əlavə edib.
Hazırda boks ictimaiyyətində Kroufordun mümkün geri dönüş ehtimalı da müzakirə olunur. Bir çox azarkeş potensial revanşın son illərin ən böyük kommersiya döyüşlərindən biri ola biləcəyini düşünür.




