Gucci Formula 1 tarixində ilkə imza atdı: Alpine komandasının adı dəyişir

Lüks moda sənayesinin nəhəng markalarından olan Gucci Formula 1 tarixində yeni mərhələnin əsas iştirakçısına çevrilib. İtaliya brendi ilk dəfə olaraq bir Formula 1 komandasının titul sponsoru statusunu alıb.

Yeni müqaviləyə əsasən, Alpine komandası növbəti mövsümdən etibarən “Gucci Racing Alpine Formula One Team” adı ilə çıxış edəcək. Bununla yanaşı, komandanın bolidlərinin rəng dizaynı da dəyişəcək. İndiyədək istifadə olunan mavi-çəhrayı rənglər əvəzinə, Gucci-nin simvolik qırmızı-yaşıl rəng çalarlarından istifadə olunacaq.

Formula 1 və moda dünyası daha da yaxınlaşır

Son illərdə Formula 1 ilə moda sənayesi arasında əməkdaşlıqlar artsa da, Gucci bu sahədə bir ilkə imza ataraq komandanın əsas tərəfdaşına çevrilən ilk lüks moda evi olub.

Alpine rəhbərliyi bildirib ki, bu əməkdaşlıq təkcə reklam deyil, həm də “idman və dəbdəbənin kəsişməsində yeni biznes platforması” rolunu oynayacaq. Layihənin performans, dəqiqlik, intizam və innovasiya kimi ortaq dəyərlər üzərində qurulduğu vurğulanıb.

Komandanın icraçı müşaviri Flavio Briatore əməkdaşlığı yüksək qiymətləndirib:

“Gucci kimi nüfuzlu brendlə Formula 1-də tərəfdaş olmaqdan qürur duyuram. Bu əməkdaşlıq komandanın qlobal səviyyədə inkişafına və yeni imkanların yaranmasına böyük təkan verəcək”.

Alpine yeni mövsümdə fərqli görünəcək

Mütəxəssislər hesab edirlər ki, Gucci ilə bağlanan müqavilə Formula 1-in kommersiya potensialının daha da genişləndiyini göstərir. Son illərdə çempionatın auditoriyası xüsusilə ABŞ və Yaxın Şərq bazarında sürətlə böyüyür və bu da moda brendlərinin marağını artırır.

Alpine komandası cari mövsümə uğurlu start verib və klub daxilində hesab olunur ki, yeni tərəfdaşlıq həm maliyyə imkanlarını genişləndirəcək, həm də komandanın qlobal populyarlığını artıracaq.

Bundan əvvəl Formula 1-də Louis Vuitton, Tommy Hilfiger və Hugo Boss kimi markalar müxtəlif sponsorluq layihələrində iştirak etsələr də, birbaşa titul sponsorluğu səviyyəsinə yüksələn ilk moda evi məhz Gucci olub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni