Futbol dünyasının ən nüfuzlu fərdi mükafatlarından biri hesab olunan “Qızıl top”un 2026-cı il üzrə təqdimat mərasiminin keçiriləcəyi tarix rəsmən məlum olub. Dünyanın ən yaxşı futbolçusunun müəyyənləşdirildiyi tədbir oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.
Bu ilki mərasim xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Qızıl top” mükafatı ilk dəfə 1956-cı ildə təqdim edilib və bu il onun 70 illik yubileyi qeyd olunacaq. Tarixə ilk qalib kimi İngiltərə futbolunun əfsanəvi simalarından biri olan Stenli Metyuz düşüb.
Futbol tarixinin ən nüfuzlu fərdi mükafatı
Onilliklər ərzində “Qızıl top” dünya futbolunun ən prestijli fərdi mükafatına çevrilib. Alfredo Di Stefano, Yohan Kroyff, Mişel Platini, Ronaldo, Ronaldinyo, Lionel Messi və Kriştiano Ronaldo kimi əfsanələr bu mükafata sahib çıxıblar.
Mükafatın qalibi futbolçunun mövsüm ərzindəki fərdi göstəriciləri, komanda uğurları və oyuna təsiri nəzərə alınaraq müəyyənləşdirilir. Bu səbəbdən hər il mükafat ətrafında böyük maraq və müzakirələr yaranır.
2025-ci ildə keçirilən səsvermənin qalibi Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele olmuşdu. Fransız futbolçu həm klub, həm də milli komandadakı çıxışı ilə seçilərək karyerasında ilk dəfə bu mükafatı qazanmışdı. 2026-cı il mükafatı uğrunda mübarizənin də kifayət qədər gərgin keçəcəyi gözlənilir.




