DÇ-2026-nın ən yaşlı və ən gənc futbolçuları müəyyənləşdi

2026-cı il dünya çempionatında iştirak edəcək ən yaşlı və ən gənc futbolçuların adları açıqlanıb. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi mundialın heyətlərində həm təcrübəli ulduzlar, həm də tarixi rekordlara iddialı gənc oyunçular yer alır.

Turnirin ən diqqətçəkən simalarından biri Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldudur. Mundialın startı zamanı onun 41 yaş 126 günlük olacağı bildirilir. Ronaldo dünya çempionatında meydana çıxacağı halda, turnir tarixində iştirak edən ən yaşlı futbolçular siyahısında dördüncü pilləyə yüksələcək. Bu göstəricidə onu yalnız misirli Essam El-Hadari, kolumbiyalı Farid Mondragon və kamerunlu Rojer Milla qabaqlayır.

Təcrübəli ulduzlar diqqət mərkəzində

DÇ-2026-nın ən yaşlı iştirakçıları sırasında Ronaldodan başqa bir sıra tanınmış futbolçular da yer alır. Siyahıda Meksika millisinin qapıçısı Gilyermo Oçoa, Xorvatiya yığmasının lideri Luka Modriç, Bosniya və Herseqovinanın hücumçusu Edin Ceko, Almaniya millisinin qapıçısı Manuel Noyer və Kabo-Verde yığmasının qapıçısı Vozinya da var.

Bu futbolçuların əksəriyyəti karyeralarının son mərhələsində olsalar da, hələ də milli komandalarının əsas fiqurları hesab edilirlər.

Mundialın ən gənc iştirakçısı rekord hədəfindədir

Turnirin ən gənc futbolçusu isə Meksika millisinin 17 yaşlı üzvü Hilberto Moradır. “Tixuana” klubunun yetirməsi mundialda forma geyinəcəyi təqdirdə, KONKAKAF zonası tarixində dünya çempionatında çıxış edən ən gənc futbolçu olacaq.

Əgər Mora Meksikanın Cənubi Afrika ilə keçirəcəyi açılış oyununda meydana çıxsa, dünya çempionatı tarixinin ən gənc altı futbolçusundan biri kimi qeydə alınacaq. Hazırda bu siyahıya Pele, Salomon Olembe, Samuel Eto’o, Femi Opabunmi və Norman Uaytsayd başçılıq edir.

DÇ-2026-nın ən gənc iştirakçıları arasında həmçinin Çexiya millisindən Huqo Sotsurek, Almaniyadan Lennart Karl, Seneqaldan İbrahim Mbaye və Misirdən Həmzə Əbdülkərim də yer alıblar.

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak edəcəyi dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni