Azərbaycan növbəti dəfə beynəlxalq gimnastika yarışlarının mərkəzinə çevrilir. İyunun 5-7-də Milli Gimnastika Arenasında həm akrobatika, həm də aerobika gimnastikası üzrə Dünya Kuboku mərhələləri keçiriləcək. Bu dəfə yarışların əsas fərqi iki növ üzrə mübarizələrin eyni məkanda və paralel formatda təşkil olunmasıdır.
İlin əvvəlindən müxtəlif gimnastika növləri üzrə Dünya Kuboku mərhələlərinə ev sahibliyi edən Bakı daha bir mötəbər turnirlə idman təqvimində diqqət mərkəzinə çıxacaq. Yarışlarda onlarla ölkədən gələn gimnastlar medal uğrunda mübarizə aparacaqlar.
Azərbaycan millisi doğma arenada uğur axtarır
Milli komandanın baş məşqçisi Marian Kolev yarışın həm iştirakçılar, həm də tamaşaçılar üçün maraqlı keçəcəyini bildirib:
“Azarkeşlər eyni vaxtda iki fərqli gimnastika növünün yarışlarını izləyə biləcəklər. Bu format turniri daha maraqlı edir və son ana qədər intriqanı qoruyur”.
Aerobika üzrə Azərbaycan millisinin heyətində Avropa çempionları Vladimir Dolmatov və Mədinə Mustafayeva çıxış edəcəklər. Həmçinin Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət qadın üçlüyü də xalça üzərinə çıxacaq.
Aerobika üzrə Dünya Kubokunda ümumilikdə yeddi ölkədən 33 gimnast mübarizə aparacaq.
Favoritlər arasında Azərbaycan təmsilçiləri də var
Akrobatika üzrə yarışlarda isə iştirakçı sayı 100-ü keçəcək. Avstraliya, İspaniya, Qazaxıstan, Gürcüstan, Bolqarıstan, Polşa, Ukrayna və digər ölkələrin gimnastları Bakıda qüvvələrini sınayacaqlar.
Azərbaycanı aşağıdakı heyət təmsil edəcək:
- Daniel Abbasov – Murad Rəfiyev (kişi dueti)
- Seymur Cəfərov – Rəsul Seyidli (kişi dueti)
- Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva (qadın qrupu)
Yarışın əsas favoritlərindən biri Murad Rəfiyev və Daniel Abbasov duetidir. Onlar Dünya Kuboku seriyasının ümumi qalibləri olmaqla yanaşı, dünya çempionluğu tituluna da sahibdirlər. Qadın qrupu isə bu mövsüm Belçikada keçirilən Dünya Kuboku mərhələsində qızıl medal qazanaraq Bakıya yüksək əhval-ruhiyyədə gəlir.
Doğma azarkeşlər önündə çıxış edəcək Azərbaycan gimnastları Dünya Kubokunda uğurlu nəticələr əldə etməyi və medal sayını artırmağı qarşılarına əsas məqsəd kimi qoyublar.




