NBA-da final seriyasının ilk oyunu baş tutub. Çempionluq uğrunda mübarizəyə səfərdə başlayan Nyu-York rəqibi San-Antonionu 105:95 hesabı ilə məğlub edərək seriyada önə keçib.
Görüşün ilk hissəsində meydan sahibləri üstün təsir bağışlasalar da, Nyu-York fasilədən sonra oyunun gedişatını dəyişməyi bacarıb. Xüsusilə son iki hissədə daha dəqiq və effektiv çıxış edən qonaqlar hesabda dönüş edərək vacib qələbə qazanıblar. Bununla da komanda final seriyasında hesabı 1:0-a çatdırıb.
Branson komandasını irəli apardı
Nyu-Yorkun heyətində ən məhsuldar basketbolçu Ceylen Branson olub. O, 30 xal toplayaraq komandasının qələbəsinə böyük töhfə verib. Karl-Entoni Tauns isə 18 xal və 12 ribaundla dubl-dabl edib. OG Anunobi 17 xal, Landri Şemet isə ehtiyat oyunçular skamyasından 13 xal qazandırıb.
San-Antonio tərəfdə isə Viktor Vembanyama 26 xal və 12 ribaundla fərqlənsə də, bu göstərici məğlubiyyətin qarşısını almağa kifayət etməyib.
3 iyun tarixli NBA pley-off matçının nəticəsi:
San-Antonio – Nyu-York 95:105
(27:19, 28:29, 21:28, 19:29)
San-Antonio: Vembanyama (26 xal, 12 ribaund, 6 top itkisi), Kasl (17 xal, 8 ribaund), Şampeni (16 xal, 10 ribaund), Vassel (9 xal, 9 ribaund), Foks (7 xal) – start heyəti; Harper (16 xal, 8 ribaund), K. Conson (3 xal), Brayant (1 xal), Kornet (0), Barns (0).
Nyu-York: Branson (30 xal), Tauns (18 xal, 12 ribaund), Anunobi (17 xal), Bricses (9 xal), Hart (3 xal, 15 ribaund, 6 məhsuldar ötürmə) – start heyəti; Şemet (13 xal), Alvarado (7 xal), Makbrayd (6 xal), Robinson (2 xal), Klarkson (0).
Seriyada hesab: San-Antonio – Nyu-York 0:1




