Yalnız məşqlə deyil: Sinner torpaq kortlarda necə zirvəyə yüksəldi?

Dünya tenisinin bir nömrəsi Yannik Sinner hazırda kortun hansı örtükdə olmasından asılı olmayaraq ən təhlükəli rəqiblərdən biri sayılır. Lakin karyerasının əvvəlində torpaq kortlar onun üçün ən çətin səthlərdən biri idi. İtaliyalının bu örtükdə keçdiyi inkişaf yolu isə müasir tennisin ən maraqlı transformasiyalarından biri hesab olunur.

Sinner uzun müddət sərt örtüklərdəki uğurlarına baxmayaraq, torpaq kortlarda eyni sabitliyi nümayiş etdirə bilmirdi. Onun inkişaf yolu isə istedad qədər zəhmət, analiz və fasiləsiz hazırlıq üzərində qurulub.

İlk addımlardan böyük uğurlara

Yalnız məşqlə deyil: Sinner torpaq kortlarda necə zirvəyə yüksəldi?

Sinner torpaq örtükdə ilk titulunu 2019-cu ildə dünya reytinqində 322-ci yerdə olarkən İtaliyada keçirilən M25 kateqoriyalı turnirdə qazanmışdı. Maraqlıdır ki, bundan sonra o, uzun müddət bu səthdə ciddi uğur əldə edə bilmədi.

ATP səviyyəsində ilk torpaq kort tituluna isə yalnız 2022-ci ildə Xorvatiyanın Umaq şəhərində keçirilən ATP 250 turnirində sahib oldu. Həmin yarışın finalında məğlub etdiyi tennisçi isə sonradan onun əsas rəqibinə çevriləcək Karlos Alkaras idi.

Növbəti illərdə də torpaq kortlar Sinner üçün çətin sınaq olaraq qalırdı. Monte-Karloda Holger Rune və Stefanos Tsitsipas, Romada Fransisko Serundolo, “Rolan Qarros”da isə Daniel Altmayer və Karlos Alkaras ona mane olmuşdu. 2024-cü ildə aldığı bud nahiyəsi zədəsi də inkişaf prosesini ləngitmişdi.

Dəyişimin əsas səbəbi

Paradoksal görünə bilər, amma 2025-ci ildə aldığı üç aylıq diskvalifikasiya Sinnerin inkişafında dönüş nöqtəsinə çevrildi. Kortlardan uzaq qaldığı müddətdə o və məşqçilər heyəti bütün diqqəti məhz torpaq kort hazırlığına yönəltdilər.

Sinner sonradan etiraf etmişdi ki, həmin dövrdə ən çox çatışmayan şey rəsmi oyunların verdiyi “geribildirim” olub:

“Necə oynadığımı, zərbələrin sürətinin yetərli olub-olmadığını, hərəkətlərimin düzgün işləyib-işləmədiyini tam anlaya bilmirdim”.

Məşqçilər heyəti bu problemi maraqlı üsulla həll edib. Onlar tennisçinin 2024-cü ildə Monte-Karloda keçirdiyi oyunların statistik göstəricilərini 2025-ci ildə Romaya qayıdışından sonrakı performansla müqayisə edərək inkişaf istiqamətlərini müəyyənləşdiriblər.

Sinner üçün uğurun sirri

Yalnız məşqlə deyil: Sinner torpaq kortlarda necə zirvəyə yüksəldi?

Məşqçi Simone Vaqnotsinin rəhbərlik etdiyi komanda uzun illər ərzində Sinnerin torpaq kortlarda hərəkət mexanikasını təkmilləşdirmək üzərində çalışıb. Tennisçi özü də bunu dəfələrlə vurğulayıb:

“Biz bunun üzərində son aylarda deyil, illərdir işləyirik”.

Bu yanaşma onun oyununa da ciddi təsir göstərib. Vaxtilə əsasən arxa xəttdən güclü zərbələri ilə seçilən Sinner indi daha müxtəlif və gözlənilməz tennis nümayiş etdirir. O, ötən il ABŞ Açıq çempionatının finalında Alkarasa məğlub olduqdan sonra oyununda dəyişikliklər etməli olduğunu açıq şəkildə etiraf etmişdi:

“Karlos kimi rəqiblərə qarşı rahatlıq zonasından çıxmaq lazımdır. Bəlkə də bəzi matçları uduzacağam, amma oyunumda yeni elementlər yaratmağa çalışacağam”.

Sinnerin məşqlərə münasibəti də fərqlidir. Onun məşhur ifadələrindən biri artıq tennis dünyasında tez-tez sitat gətirilir:

“Mən özünəinamımı turnirlərdən deyil, məşqlərdən alıram”.

Parisdə yeni hədəf

Bu gün Sinner karyerasının ən yetkin dövrünü yaşayır. O, artıq Avstraliya Açıq çempionatı, ABŞ Açıq çempionatı və digər böyük turnirlərdə qazandığı uğurlarla dünya tennisinin zirvəsində qərarlaşıb.

Lakin torpaq kortlarda və xüsusilə “Rolan Qarros”da titul qazanmaq onun üçün xüsusi əhəmiyyət daşıyır. İtaliyalı tennisçi Romada keçirilən turnirdə qazandığı qələbədən sonra etiraf etmişdi ki, vətənindəki uğurun emosiyalarını heç bir yarışla müqayisə etmək mümkün deyil.

İndi isə onun qarşısında daha böyük məqsəd dayanır – Parisdə ilk “Böyük Dəbilqə” titulunu torpaq kortlarda qazanaraq karyerasının ən çətin zirvəsini fəth etmək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni