Madridin “Real” klubu yay transfer pəncərəsində heyətini daha da gücləndirməyi planlaşdırır. Yeni baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında formalaşan komanda rəhbərliyi transfer bazarında yüksək səviyyəli futbolçulara yönəlib.
İspaniya nəhənginin əsas hədəflərindən birinin PSJ-nin hücumçusu Usman Dembele olduğu bildirilir. Klub rəhbərliyi uzun müddətdir izlədiyi futbolçunu heyətə qatmaq imkanlarını dəyərləndirir.
“Real”ın əsas transfer məqsədlərindən biri “Atletiko”nun hücumçusu Xulian Alvares olsa da, bu keçidin baş tutması getdikcə daha mürəkkəb görünür. Məlumata görə, “Atletiko” rəhbərliyi futbolçunun satılması ilə bağlı danışıqlara müsbət yanaşmır.
Bu səbəbdən Madrid təmsilçisi alternativ variantlar üzərində işləməyə başlayıb və diqqətini son mövsümlərdə PSJ-nin aparıcı simalarından olan Dembeleyə yönəldib.
PSJ də transfer bazarında fəaldır
Son “Qızıl top” mükafatının sahibi olan fransalı futbolçunun transferi asan görünməsə də, Paris klubunun da heyətdə dəyişikliklər etməyə hazırlaşdığı bildirilir. Məlumata görə, PSJ “Bavariya”nın cinah oyunçusu Maykl Oliseni transfer etmək imkanlarını araşdırır.
Fransa çempionu Dembele ilə yollarını ayıracağı təqdirdə əldə ediləcək vəsaiti Olisenin transferinə yönəldə bilər. Bu isə yay transfer bazarının ən səs-küylü keçidlərindən birinin reallaşması ehtimalını artırır.
Hazırda tərəflər arasında rəsmi razılıq olmasa da, Avropanın aparıcı klublarının iştirak etdiyi mümkün transfer zənciri futbol ictimaiyyətinin diqqət mərkəzindədir.




