2026-cı il dünya çempionatında növbəti oyun günü həm gərgin mübarizə, həm də gözlənilməz nəticələrlə yadda qalıb. Şotlandiya Haiti üzərində çətin qələbə qazanıb, Avstraliya isə Türkiyə millisinin müqavimətini qıraraq turnirə üç xalla başlayıb.
Şotlandiyaya bir qol kifayət etdi
C qrupunda keçirilən Haiti – Şotlandiya qarşılaşması ABŞ-ın Foksboro şəhərində yerləşən “Boston Stadium” arenasında baş tutub və Şotlandiyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mübarizəli keçən oyunda tərəflər ümumilikdə 44 qayda pozuntusuna yol versələr də, azarkeşlər cəmi bir qolun şahidi olublar.
Şotlandiya yığması matçın 28-ci dəqiqəsində hesabı açıb. Con Makginnin zərbəsindən sonra top müdafiəçiyə dəyərək istiqamətini dəyişib və qapı torunda qərarlaşıb. Bu qol sonradan görüşün taleyini müəyyənləşdirən yeganə epizod olub.
Haiti ikinci yarıda hesabı bərabərləşdirmək üçün təzyiqi artırsa da, Şotlandiya möhkəm müdafiə etdi və son fitə qədər üstünlüyünü qoruyub saxladı.
DÇ-2026, C qrupu, I tur
Haiti – Şotlandiya 0:1
Qol: Con Makginn, 28
Bu qələbə sayəsində şotlandlar qrupda ilk üç xalını qazanıblar. Qrupun digər oyununda Braziliya və Mərakeş 1:1 hesablı heç-heçə edib.
Avstraliya Türkiyəni çətin vəziyyətə saldı
D qrupunun diqqət çəkən qarşılaşmalarından biri Vankuverdə baş tutub. Avstraliya millisi kağız üzərində favorit hesab olunan Türkiyə yığmasını 2:0 hesabı ilə məğlub edib.
Oyunun ilk dəqiqələrindən Avstraliya intizamlı müdafiə və sürətli əks-hücumlarla seçilib. Matçın 27-ci dəqiqəsində Oukun ötürməsindən sonra Nestori İrankunda müdafiəçiləri geridə qoyaraq hesabı açıb.
Türkiyə topa daha çox nəzarət etsə də, təhlükəli imkanlar yaratmaqda çətinlik çəkib. Komanda əsasən uzaq məsafədən zərbələr və standart vəziyyətlərlə fərqlənməyə çalışıb.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Türkiyə risk etdikcə boşluqlar verib və 75-ci dəqiqədə Avstraliya bundan yararlanıb. Konor Metkalf sürətli əks-hücumu dəqiq zərbə ilə tamamlayaraq hesabı 2:0 edib.
DÇ-2026, D qrupu, I tur
Avstraliya – Türkiyə 2:0
Qollar: İrankunda, 27, Metkalf, 75
Beləliklə, Avstraliya qrup mərhələsinə mühüm qələbə ilə başlayıb, Türkiyə isə növbəti turda Paraqvaya qarşı xal itkisini kompensasiya etməyə çalışacaq.




