Polşanın Belostok şəhərində keçirilən Kyokuşin (KAY) Senşi Karate üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan milli komandası Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılar üçün təşkil olunan qarşılanma mərasimində federasiya nümayəndələri, məşqçilər, media təmsilçiləri və ailə üzvləri iştirak ediblər.
Qitə birinciliyində Azərbaycan yığması 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq ümumilikdə beş medalla turniri başa vurub. Bu nəticə komandanın beynəlxalq arenada növbəti uğuru kimi qiymətləndirilir.
Azərbaycan millisinin heyətində fərqlənən idmançılar bunlar olub:
Qızıl medal
- Cəmil Kazımlı (gənclər, 80 kq)
- Vaqif Bəndəliyev (gənclər, 70 kq)
Gümüş medal
- Kərim Eyubov (kişilər, +90 kq)
- Cavid Kazımlı (gənclər, 85 kq)
Bürünc medal
- Vüqar Sayadov (kişilər, 70 kq)
Hər iki qızıl medal sahibi final görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu tituluna yiyələnib. Digər medalçılar da öz çəki dərəcələrində uğurlu çıxışları ilə komandanın ümumi nəticəsinə mühüm töhfə veriblər.
Milli komanda yarışda Azərbaycan Karate Federasiyasının baş katibi və üslub üzrə nümayəndəsi Qabil Sayadovun, eləcə də yığmanın baş məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında mübarizə aparıb.




