Şotlandiya azarkeşləri mundial tarixinin ən səs-küylü rekorduna yaxınlaşdı

DÇ-2026 yalnız meydandakı mübarizə ilə deyil, tribunlardakı atmosferlə də diqqət çəkir. Şotlandiya millisinin azarkeşləri turnirin ilk turunda yaratdıqları səs-küylə dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirə bilərlər.

Qrup mərhələsinin C qrupunda Haiti ilə Şotlandiya arasında keçirilən oyun öncəsi tribunlarda qeydə alınan səs səviyyəsinin 125 desibelə çatdığı bildirilir. Bu göstərici şotlandiyalı azarkeşlərin komandanın qeyri-rəsmi himni hesab olunan “Flower of Scotland” mahnısını birlikdə ifa etdiyi an ölçülüb.

Britaniya mediasının yaydığı məlumata görə, əgər ölçmə nəticələri rəsmi şəkildə təsdiqlənərsə, bu, futbol üzrə dünya çempionatları tarixində qeydə alınmış ən yüksək səs göstəricisi olacaq. İndiyədək mundiallarda qeydə alınan ən yüksək nəticənin 116 desibel olduğu bildirilir.

Bununla belə, FIFA hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Rekordun tanınması üçün ölçmənin hansı cihazla və hansı metodologiya əsasında aparıldığının təsdiqlənməsi tələb olunur.

Tribunlardakı möhtəşəm atmosfer meydandakı nəticə ilə də tamamlanıb. Şotlandiya millisi Haiti üzərində 1:0 hesablı qələbə qazanaraq dünya çempionatlarında uzun fasilədən sonra sevinc yaşayıb.

Görüşün yeganə qolunu 28-ci dəqiqədə Con MakGinn vurub. Bu nəticə şotlandların mundiallarda son 36 ildə qazandığı ilk qələbə kimi tarixə düşüb və komandanın pley-off uğrunda mübarizəsinə mühüm təkan verib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni