DÇ-2026-da növbəti oyun günü həm dramatik heç-heçə, həm də böyükhesablı qələbə ilə yadda qalıb. A qrupunda Çexiya son dəqiqələrdə qələbəni əldən verib, B qrupunda isə İsveçrə matçın son bölümündə oyunun taleyini həll edərək Bosniya və Herseqovinanı darmadağın edib.
Çexiya qələbəyə yaxın olsa da, penalti hər şeyi dəyişdi
A qrupunun ikinci turunda Çexiya və Cənubi Afrika milliləri Atlantadakı “Mercedes-Benz Stadium”da üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Çexlər Sadilekin erkən qolu ilə hesabı açsalar da, üstünlüklərini sona qədər qoruya bilməyiblər.
Oyunun sonlarına yaxın təyin olunan penalti Cənubi Afrika yığmasını məğlubiyyətdən xilas edib. Mokoena 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasına vacib xal qazandırıb və matçın yekun nəticəsini müəyyənləşdirib.
DÇ-2026. A qrupu, II tur
Çexiya – Cənubi Afrika – 1:1
Qollar: Sadilek, 6 – Mokoena, 83 (p.)
İsveçrə son 20 dəqiqədə şou göstərdi
B qrupunda keçirilən İsveçrə – Bosniya və Herseqovina qarşılaşması isə tamam fərqli ssenari ilə yadda qalıb. İnglvuddakı “SoFi Stadium”da baş tutan oyunda uzun müddət qapılara qol vurulmasa da, son 20 dəqiqə əsl qol yağışına çevrilib.
İsveçrə millisi 74-cü dəqiqədən sonra rəqib müdafiəsini ardıcıl hücumlarla sarsıdıb. Qarşılaşmanın qəhrəmanı iki dəfə fərqlənən Joan Manzambi olub. Ruben Varqas və kapitan Qranit Caka da adlarını tabloya yazdırıblar. Bosniya və Herseqovinanın yeganə qolunu Ermin Mahiç vurub.
Balkan təmsilçisi 80-ci dəqiqədə Tarik Muharemoviçin qırmızı vərəqə alması ilə azlıqda qalıb və bundan sonra müqavimət göstərməkdə çətinlik çəkib. Nəticədə İsveçrə 4:1 hesablı inamlı qələbə qazanaraq qrupdakı mövqeyini möhkəmləndirib.
DÇ-2026. B qrupu, II tur
İsveçrə – Bosniya və Herseqovina – 4:1
Qollar: Manzambi, 74, 90, Varqas, 84, Caka, 90+7 (p.) – Mahiç, 90+3
Qırmızı vərəqə: Muharemoviç, 80 (Bosniya və Herseqovina)




