Madrid “Atletiko”su yay transfer pəncərəsinin ən çox müzakirə olunan mövzularından biri olan Xulian Alvaresin gələcəyi ilə bağlı yeni plan üzərində işləyir. İspaniyanın COPE nəşrinin yaydığı məlumata görə, paytaxt klubu argentinalı hücumçunun transferi üçün İngiltərə Premyer Liqası təmsilçisi “Arsenal”la mümkün razılaşmanı nəzərdən keçirir.
Məlumata əsasən, “Atletiko” rəhbərliyi Alvaresi “Barselona”ya satmaq niyyətində deyil və bu səbəbdən digər variantlar üzərində dayanıb. Hazırda gündəmdə olan ssenarilərdən biri futbolçunun “Arsenal”a keçidi və qarşılığında həm maliyyə kompensasiyasının, həm də isveçli forvard Viktor Gyökeresin Madrid klubuna transfer olunmasıdır.
İddialara görə, sövdələşməyə 40-60 milyon avro aralığında əlavə ödəniş də daxil ola bilər. Klub rəhbərliyi Gyökeresi klassik mərkəz hücumçusu kimi qiymətləndirir və onun komandanın hücum xəttini gücləndirə biləcəyini düşünür.
COPE-in məlumatında bildirilir ki, “Atletiko” Alvaresi yalnız öz şərtlərinə uyğun təklif gələcəyi halda buraxmağa hazırdır. Klub rəhbərliyi futbolçunun dəyərinin aşağı salınmasına qarşıdır və tələsik qərar vermək niyyətində deyil.
Həmçinin qeyd olunur ki, əgər uyğun razılaşma əldə olunmasa, Madrid təmsilçisi futbolçunu heyətdə saxlamağa da hazırdır. Klubun əsas məqsədi həm idman, həm də maliyyə baxımından sərfəli transfer modelini formalaşdırmaqdır.




