Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Dünya Motor İdmanı Şurası Formula 1 üzrə mühərrik reqlamentinə bir sıra yeniliklər təsdiqləyib. Dəyişikliklərin 2027 və 2028-ci illər mövsümlərindən etibarən tətbiq olunacağı gözlənilir.
Speedcafe nəşrinin yaydığı məlumata görə, yeni qərarlar 2026-cı il mövsümündə komandaların və pilotların enerji idarəetməsi ilə bağlı qarşılaşdığı çətinliklər nəzərə alınaraq hazırlanıb.
Daxiliyanma mühərrikinin rolu artırılacaq
Təsdiqlənmiş dəyişikliklərə əsasən, 2027-ci ildən etibarən daxiliyanma mühərrikinin gücü artırılacaq. Bununla yanaşı, enerji bərpa sisteminin maksimal gücü müəyyən qədər azaldılacaq.
Eyni zamanda, dövrə ərzində enerji bərpası imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu dəyişikliklər yeni nəsil güc qurğularında enerji idarəetməsi ilə bağlı yaranan çətinliklərin aradan qaldırılmasına yönəlib.
Test proqramında da yenilik var
Qərarlara əsasən, 2027-ci il mövsümündən əvvəl keçiriləcək test sessiyalarına əlavə bir gün ayrılacaq. Beləliklə, mövsümöncəsi sınaqlar dörd gün davam edəcək.
Bundan başqa, yanacaq axınının maksimum həddi də artırılacaq. FIA Dünya Motor İdmanı Şurasının qərarları 2027 və 2028-ci illərdə Formula 1-in texniki qaydalarına daxil ediləcək.
FIA prezidenti Məhəmməd Ben Sulayem bildirib ki, federasiya texniki reqlamentlərin təkmilləşdirilməsi istiqamətində komandalar və digər maraqlı tərəflərlə əməkdaşlığı davam etdirəcək.




