DÇ-2026-nın qrup mərhələsinin növbəti oyun günündə D və F qruplarında vacib qarşılaşmalar keçirilib. Niderland Tunis üzərində inamlı qələbə qazanaraq qrupu lider tamamladı, Türkiyə ABŞ-ni dramatik oyunda məğlub etsə də bunu pley-offa çıxışa çevirə bilmədi. Paraqvay və Avstraliya isə qolsuz heç-heçə ilə növbəti mərhələyə vəsiqə qazandı.
Niderland Tunisə şans vermədi
F qrupunun son turunda Niderland millisi Tunis üzərində 3:1 hesablı qələbə qazanaraq qrup lideri kimi 1/16 finala yüksəldi. Qarşılaşma Niderland üçün ideal başladı. Artıq ilk dəqiqələrdə Tunis futbolçusu Məhəmməd Əli Şxiri avtoqolla hesabı açdı. Ardınca Brayan Brobbi fərqi artırdı. Fasilədən sonra Məsduri Tunis adına bir topu geri qaytarsa da, Yan van Hekkenin qolu oyunun taleyini həll etdi.
Bu nəticə ilə Niderland 7 xalla F qrupunda birinci yeri tutdu. Tunis isə keçirdiyi üç oyunun hamısında məğlub olaraq xalsız şəkildə mundialla vidalaşdı.
DÇ-2026, F qrupu – III tur
Tunis – Niderland – 1:3
Qollar: Məsduri, 54 – Şxiri, 3 (avtoqol), Brobbi, 7, Van Hekke, 62.
Türkiyə son saniyələrdə qalib gəldi
D qrupunda Türkiyə və ABŞ arasında keçirilən qarşılaşma dramatik sonluqla yadda qaldı. Matç 3:2 hesabı ilə türklərin xeyrinə başa çatdı. ABŞ erkən qol vursa da, Arda Güler və Barış Alper Yılmaz fasiləyədək hesabı çevirdilər. İkinci hissədə Sebastyan Berhalter bərabərliyi təmin etdi. Lakin əlavə vaxtın 90+8-ci dəqiqəsində Kaan Ayhan qalibiyyət qolunu vurdu.
Türkiyə iki əvvəlki məğlubiyyət səbəbindən pley-off şansını daha öncə itirmişdi. ABŞ isə bu məğlubiyyətə baxmayaraq ilk iki turdakı qələbələri sayəsində 6 xalla D qrupunun lideri kimi növbəti mərhələyə yüksəldi.
DÇ-2026, D qrupu – III tur
Türkiyə – ABŞ – 3:2
Qollar: Güler, 10, Barış Alper Yılmaz, 31, Ayhan, 90+8 – Trasti, 3, Berhalter, 49.
Qolsuz bərabərlik hər iki komandaya sərf etdi
D qrupunun digər qarşılaşmasında Paraqvay və Avstraliya qapılara yol tapa bilmədilər və oyun 0:0 hesabı ilə yekunlaşdı. Hər iki kollektiv ehtiyatlı futbol nümayiş etdirdi, yaradılan imkanlar isə qolla nəticələnmədi.
Bu nəticə Avstraliyaya 4 xalla qrup ikincisi kimi, Paraqvaya isə eyni xalla ən yaxşı üçüncü yerlərdən biri olaraq pley-off mərhələsinə yüksəlmək imkanı verdi.
DÇ-2026, D qrupu – III tur
Paraqvay – Avstraliya – 0:0




