2026-cı il dünya çempionatı azarkeş marağı baxımından yeni tarixi nailiyyətə imza atıb. FIFA-nın açıqladığı son məlumata əsasən, turnirin qrup mərhələsinin başa çatması ilə stadionlarda ümumi tamaşaçı sayı 3 605 357 nəfərə çataraq mundiallar tarixinin yeni rekordunu müəyyənləşdirib.
1994-cü ilin rekordu geridə qaldı
Yeni rekord Almaniya – Ekvador və Kot-d’İvuar – Kurasao oyunlarından sonra rəsmən qeydə alınıb. Bununla da ABŞ-da keçirilən 1994-cü il dünya çempionatının 3 587 538 tamaşaçıdan ibarət əvvəlki rekordu tarixə qovuşub. Hazırkı turnir ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir və ilk dəfə 48 milli komandanın iştirakı ilə təşkil olunur.
FIFA-nın məlumatına görə, stadionların orta doluluq səviyyəsi 99 faizdən yuxarı olub ki, bu da azarkeş marağının gözləniləndən daha yüksək olduğunu göstərir. Turnirin pley-off mərhələsi qarşıda olduğundan ümumi tamaşaçı sayının daha da artacağı gözlənilir.
FIFA prezidenti Canni İnfantino rekord göstəricini şərh edərək turnirin yüksək təşkilatçılığını və azarkeş dəstəyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, tribunaların demək olar ki, tam dolması, ev sahibi şəhərlərdəki atmosfer və qarşılaşmalara maraq bu dünya çempionatını artıq indidən tarixdə ən uğurlu turnirlərdən birinə çevirib.
İyunun 11-də start götürən DÇ-2026 iyulun 19-da keçiriləcək final qarşılaşması ilə başa çatacaq. Turnirin pley-off mərhələsində də yüksək tamaşaçı axınının davam edəcəyi proqnozlaşdırılır.




