2026-cı il dünya çempionatının növbəti oyun günündə H və I qruplarında son turun qarşılaşmaları keçirildi. Fransa qrupu maksimum nəticə ilə tamamladı, Seneqal böyükhesablı qələbə sayəsində pley-off şansını qorudu, Kabo-Verde isə tarixi nəticə əldə edərək ilk mundialında növbəti mərhələyə yüksəldi.
Fransa Norveçi darmadağın etdi
Fransa yığması Norveç üzərində 4:1 hesablı inamlı qələbə qazanaraq I qrupunda 9 xalla birinci yeri tutdu və pley-offa yüksəldi. Norveç isə 6 xalla ikinci pillədə qərarlaşaraq 1/16 finala vəsiqə qazandı.
Usman Dembele ilk 32 dəqiqə ərzində het-trik müəllifi oldu. Kilian Mbappe iki məhsuldar ötürmə ilə komandasının qələbəsində mühüm rol oynadı. Dördüncü qolu Desire Due vurdu. Norveçin yeganə qolunu Telo Osqorun hesabına yazıldı. Matçın 50-ci dəqiqəsində Yorgen Larsen penalti zərbəsini dəqiq yerinə yetirə bilmədi – Mayk Menyan topu qaytardı.
DÇ-2026. I qrupu. 3-cü tur
Norveç – Fransa – 1:4
Qollar: Osqor, 21 – Dembele, 7, 20, 32, Due, 90+4
Qeyri-dəqiq penalti: Larsen, 50 (Norveç)
Seneqal İraqı darmadağın etdi
I qrupunun digər qarşılaşmasında Seneqal İraqı 5:0 hesabı ilə məğlub etdi. Afrika təmsilçisi üçün yalnız böyük hesablı qələbə vacib idi və komanda bu tapşırığın öhdəsindən gəldi.
Hesab erkən dəqiqələrdə açıldı, daha sonra İraq qırmızı vərəqə alaraq azlıqda qaldı. İkinci hissədə Seneqal rəqibə heç bir şans vermədi. İsmaila Sarr fərqləndi, Pape Gueye dubl etdi, Ndiaye isə yekun nöqtəni qoydu. Bu nəticə ilə Seneqal qrupu üçüncü sırada başa vurdu və ən yaxşı üçüncü yerlərdən biri kimi pley-off ümidini qorudu.
DÇ-2026. I qrupu. 3-cü tur
Seneqal – İraq – 5:0
Qollar: Diarra, 4, İ. Sarr, 56, P. Gueye, 59, 71, Ndiaye, 82
Xəbərdarlıqlar: Sek, 18, P. Gueye, 82 – Doski, 90
Qırmızı vərəqə: Sulaka, 15 (İraq)
Kabo-Verde üçün tarixi heç-heçə
H qrupunda keçirilən Kabo-Verde – Səudiyyə Ərəbistanı oyunu 0:0 hesabı ilə başa çatdı. Qolsuz bərabərlik Kabo-Verde üçün tarixi nəticə oldu.
Afrika təmsilçisi qrup mərhələsində keçirdiyi hər üç oyunda heç-heçə edib, 3 xal topladı və ikinci yeri tutaraq tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəldi. Səudiyyə Ərəbistanı isə 2 xalla sonuncu yeri tutaraq turnirlə vidalaşdı.
DÇ-2026. H qrupu. 3-cü tur
Kabo-Verde – Səudiyyə Ərəbistanı – 0:0




