2026-cı il dünya çempionatının 1/16 final mərhələsində daha üç maraqlı qarşılaşma baş tutdu. Braziliya son saniyələrdə qələbəni təmin edərək növbəti mərhələyə yüksəldi, Paraqvay Almaniya üzərində sensasiyalı qələbə qazandı, Mərakeş isə penaltilər seriyasında Niderlandı mübarizədən kənarlaşdırdı.
Paraqvay Almaniyanı penaltilərlə mübarizədən kənarlaşdırdı
Günün ən böyük sensasiyalarından biri Foksboroda yaşandı. Almaniya və Paraqvay arasında keçirilən qarşılaşmanın əsas vaxtında komandalar hərəyə bir dəfə fərqləndilər. İlk hissənin sonlarında Xulio Ensiso hesabı açdı, ikinci hissənin əvvəlində isə Kay Haverts tarazlığı bərpa etdi.
Əlavə vaxtda hər iki komanda qələbə qolunu axtarsa da, 102-ci dəqiqədə Conatan Tanın vurduğu top Valdemar Antonun qapıçı Orlando Xilə qarşı qayda pozuntusu səbəbindən ləğv edildi. Qalib penaltilər seriyasında müəyyənləşdi və burada Paraqvay daha dəqiq oynayaraq 4:3 hesabı ilə 1/8 finala yüksəldi. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Fransa – İsveç cütünün qalibi ilə qarşılaşacaq.
DÇ-2026. 1/16 final
Almaniya – Paraqvay – 1:1 (pen. 3:4)
Qollar: Haverts, 54 – Ensiso, 42
Braziliya son saniyələrdə qələbəni qopardı
Hyustondakı NRG Stadiumunda keçirilən oyunda Braziliya Yaponiya üzərində çətin qələbə qazandı. İlk hissədə Sano yaponları hesabda önə çıxardı. Fasilədən sonra Kazemiro hesabı bərabərləşdirdi və matç artıq əlavə vaxta gedəcək kimi görünürdü.
Lakin 90+5-ci dəqiqədə Bruno Gimarayeşin ötürməsini dəqiq tamamlayan Qabriel Martinelli Karlo Ançelottinin komandasına dramatik qələbə bəxş etdi. Braziliya 1/8 finalda Norveç – Kot-d’İvuar cütünün qalibi ilə qarşılaşacaq.
DÇ-2026. 1/16 final
Qollar: Kazemiro, 56, Martinelli, 90+5 – Sano, 29
Mərakeş penaltilərdə Niderlandı üstələdi
1/16 finalın daha bir gərgin qarşılaşması Monterreydə baş tutdu. Niderland 72-ci dəqiqədə Kodi Qakponun qolu ilə hesabı açsa da, Mərakeş təslim olmadı və 90+1-ci dəqiqədə İssa Diopun dəqiq zərbəsi oyunu əlavə vaxta daşıdı.
Əlavə vaxtda hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşdi. Hər iki komanda ümumilikdə beş penalti zərbəsini boşa versə də, daha dəqiq oynayan Mərakeş 3:2 hesabı ilə qalib gəldi və adını 1/8 finala yazdırdı. Afrika təmsilçisi növbəti mərhələdə Kanada ilə üz-üzə gələcək.
DÇ-2026. Pley-off
1/16 final
Niderland – Mərakeş – 1:1 (pen. 2:3)
Qollar: Qakpo, 72 – Diop, 90+1




