Almaniya millisinin təcrübəli qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderlandda davam etdirməyə hazırlaşır. De Telegraaf-ın yaydığı məlumata görə, “Barselona”, “Ayaks” və futbolçunun özü arasında icarə transferi ilə bağlı prinsipial razılıq əldə olunub.
Hazırda tərəflər son hüquqi və maliyyə detallarını tamamlayır. Bu məlumat daha sonra Mundo Deportivo və transfer insayderi Fabrizio Romano tərəfindən də təsdiqlənib.
Danışıqlarda Jordi Kroyfun rolu həlledici olub
Məlumata görə, “Ayaks”ın texniki direktoru Jordi Kroyf transfer prosesində əsas fiqurlardan biri olub. Klub rəhbərliyi bir neçə həftə ərzində “Barselona” ilə qapıçının maaşının bölüşdürülməsi məsələsini müzakirə edib və tərəflər kompromisə yaxınlaşıblar. Ən böyük maneə məhz ter Ştegenin yüksək maaşı olsa da, danışıqlarda irəliləyiş əldə edildiyi bildirilir.
Transfer qərarında “Ayaks”ın yeni baş məşqçisi Miçelin mövqeyi də mühüm rol oynayıb. İspaniyalı mütəxəssis ötən mövsüm “Jirona”da çalışarkən ter Ştegenlə qısa müddət birlikdə işləyib və onu yenidən komandasında görmək istəyib. Klub həkimlərinin rəyinə əsasən, qapıçı zədəsini tam sağaldıb və yeni mövsümə hazır vəziyyətdədir.
Ter Ştegen 2014-cü ildə Mönhenqladbax “Borussiya”sından “Barselona”ya transfer olunub. Bu müddətdə o, Kataloniya klubunun heyətində 420-dən çox rəsmi oyuna çıxıb, yeddi dəfə İspaniya çempionu olub və UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. Almaniya millisində isə 44 oyun keçirən qapıçı ölkəsinin ən təcrübəli futbolçularından biri hesab olunur.




