Münhen “Bavariya”sının yarımmüdafiəçisi Joau Palinya yay transfer pəncərəsində klubunu dəyişə bilər. Portuqaliya millisinin üzvünə İtaliya A Seriyasının iki aparıcı klubu – “Yuventus” və “Milan” maraq göstərir. Bu barədə transfer eksperti Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, hər iki klub 30 yaşlı futbolçunun transfer imkanlarını dəyərləndirir. “Yuventus” və “Milan” heyətini təcrübəli dayaq yarımmüdafiəçisi ilə gücləndirmək niyyətindədir və Palinya onların əsas namizədlərindən biri hesab olunur.
Eyni zamanda, “Bavariya” rəhbərliyi futbolçunun komandada qalmasına israr etmir. Almaniya çempionu münasib təklif alacağı halda portuqaliyalının transferinə razılıq verməyə hazırdır. Hazırda tərəflər arasında rəsmi razılaşmanın əldə olunduğu barədə məlumat yoxdur.
Joau Palinya ötən mövsüm bütün turnirlər daxil olmaqla 45 oyunda meydana çıxıb. Təcrübəli yarımmüdafiəçi bu görüşlərdə 7 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.




