Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək “Gəncə” basketbol klubunun qrup mərhələsində qarşılaşacağı rəqiblər bəlli olub. Püşkatmanın nəticəsinə əsasən, komanda turnirin C qrupunda mübarizə aparacaq və Avropanın müxtəlif ölkələrini təmsil edən güclü kollektivlərlə üz-üzə gələcək.
“Gəncə” qrup mərhələsində Rumıniyanın “Universitatea”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist”, Yunanıstanın “Kolossos H Hotels” və Türkiyənin “Esenler Erokspor” komandaları ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün bu rəqiblərlə iki dövrəli sistem üzrə mübarizə aparacaq.
“LANDAU Lions” üçün də mümkün ssenari açıqlanıb
FIBA tərəfindən açıqlanan püşkatmanın nəticələrinə əsasən, FIBA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək “LANDAU Lions”un da ehtimal olunan rəqibləri müəyyənləşib.
Əgər Azərbaycan klubu Çempionlar Liqasının təsnifatını keçə bilməsə, FIBA Avropa Kubokunun G qrupunda mübarizəni davam etdirəcək. Həmin halda komandanın rəqibləri bunlar olacaq:
- “Lions de Geneve” (İsveçrə)
- “Bakken Bears Aarhus” (Danimarka)
- “Benfika” (Portuqaliya)
- “Yukatel Denizli Basket” (Türkiyə)
- “Prievidza” (Slovakiya) – “Samobor” (Xorvatiya) cütünün qalibi
Yeni mövsümdə Azərbaycan basketbolunu beynəlxalq arenada iki komandanın təmsil etmək ehtimalı var. “Gəncə” FIBA Avropa Kubokunda uğurlu çıxış etməyə çalışacaq, “LANDAU Lions” isə əvvəlcə FIBA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq.




