U-17 dünya çempionatı: Fatimə Bayramova qələbələrini davam etdirir, Azərbaycan millisində qarışıq nəticələr

Bakıda təşkil olunan U-17 dünya güləş çempionatı qadınların mübarizəsi ilə davam edir. Turnirin dördüncü yarış günündə Azərbaycan millisinin beş təmsilçisi xalça üzərinə çıxıb. Günün əsas uğuruna 53 kq çəki dərəcəsində çıxış edən Fatimə Bayramova imza atıb. O, ardıcıl iki inamlı qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.

Yarışlar Milli Gimnastika Arenasında keçirilir. Dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın gənc güləşçi iştirak edir. Azərbaycan isə mundialda ümumilikdə 29 idmançı ilə təmsil olunur.

Bayramova iki rəqibini də vaxtından əvvəl məğlub etdi

Fatimə Bayramova çempionata təsnifat mərhələsindən başlayıb. O, israilli Sela Rozovanı 11:0 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib. Gənc güləşçi 1/8 finalda da eyni hesabla moldovalı Ruslana Karapetyanı məğlub edib və medal uğrunda mübarizəsini davam etdirmək hüququ qazanıb.

Digər Azərbaycan təmsilçiləri üçün isə yarış günü uğurlu alınmayıb. Nuray Cəfərli (46 kq) 1/4 finalda Macarıstan təmsilçisi Vivyen Sentpala 8:10 hesabı ilə uduzub. Fidan Babayeva (61 kq) 1/8 finalda qazaxıstanlı Arujan Bakıtnura 2:11 hesabı ilə məğlub olub. Simurə Abdullayeva (69 kq) isə ilk görüşündə qırğızıstanlı Milana Ulanovaya 6:10 hesabı ilə yenilərək mübarizəni dayandırıb.

Xatırladaq ki, yarışın əvvəlki günlərində qadın güləşçilərdən əvvəl xalça üzərinə çıxan yunan-Roma güləşçiləri Azərbaycan millisinin aktivinə altı medal yazdırıblar. Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar. Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.

Çempionat avqustun 2-dək davam edəcək və qarşıdakı günlərdə Azərbaycanın digər qadın və sərbəst güləş üzrə təmsilçiləri də mübarizəyə qoşulacaqlar.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni