NBA-da son günlər Stiven Karrinin gələcəyi ilə bağlı yayılan transfer şayiələri öz təsdiqini tapmayıb. ABŞ-li jurnalist Denni Emerman bildirib ki, “Qolden Steyt Uorriors”un lideri karyerasını başqa komandada davam etdirməyi düşünmür və klub rəhbərliyinə bütün peşəkar yolunu San-Fransisko təmsilçisində keçirmək istədiyini çatdırıb.
Məlumata görə, Karri NBA tarixində bütün karyerasını eyni klubun heyətində keçirən nadir basketbolçulardan biri olmaq niyyətindədir. Bu səbəbdən son günlər müxtəlif mediada və sosial şəbəkələrdə yayılan mümkün mübadilə ssenarilərinin hazırda real əsasının olmadığı vurğulanır. Jurnalistin sözlərinə görə, basketbolçunun mövqeyi klub daxilində də yaxşı məlumdur.
Karrinin “Uorriors”a sadiqliyi dəyişməyib
Denni Emerman bu barədə Celtics on CLNS YouTube kanalında danışaraq qeyd edib ki, Karrinin komandadan ayrılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, təcrübəli oyunçu “Qolden Steyt”lə uzunmüddətli bağlılığını qoruyur və klubun gələcək planlarının əsas hissəsi olaraq qalır.
Stiven Karri 2009-cu il NBA Draftında “Qolden Steyt Uorriors” tərəfindən seçilib və indiyədək bütün peşəkar karyerasını bu komandada keçirib. Dördqat NBA çempionu, ikiqat mövsümün ən dəyərli oyunçusu (MVP) və liqa tarixinin ən yaxşı üçlük ustalarından biri hesab edilən ulduz basketbolçu uzun illərdir klubun simvoluna çevrilib. Mövcud məlumatlara əsasən, onun yaxın gələcəkdə başqa komandaya keçidi gündəmdə deyil.




