Bakıda 3×3 basketbol üzrə növbəti böyük beynəlxalq yarış keçiriləcək. Avqustun 15-16-da Sea Breeze ərazisində təşkil olunacaq turnirdə Azərbaycan millisi ilə yanaşı, “Neftçi SOCAR” komandası da mübarizə aparacaq.
Yarış FIBA 3×3 Women’s Series-in 2026-cı il mövsümünün mərhələlərindən biridir. Azərbaycan bu mövsüm seriyanın bir neçə turnirinə ev sahibliyi edir və Sea Breeze mərhələsi avqust təqvimində yer alır.
İlk yarış günündə Azərbaycan millisi əsas mərhələyə yüksəlmək üçün təsnifatdan mübarizəyə başlayacaq. Yığmanın rəqibləri Ukrayna və Misir olacaq. Azərbaycan basketbolçuları Bakı vaxtı ilə saat 10:00-da Ukrayna, 10:50-də isə Misirlə qarşılaşacaqlar.
“Neftçi SOCAR”ın rəqibləri bəllidir
Təsnifatın A qrupunda Azərbaycan, Ukrayna və Misir, B qrupunda isə Polşa, Paraqvay və Benin yer alıb. Qrupların qalibləri əsas mərhələdə mübarizəni davam etdirəcəklər.
“Neftçi SOCAR” turnirə birbaşa əsas mərhələnin B qrupundan başlayacaq. Bakı klubu İspaniyanın “Arrasate Ointxe” və Çinin “Yanjing” komandaları ilə üz-üzə gələcək. “Neftçi SOCAR” saat 15:50-də İspaniya təmsilçisi, 17:40-da isə “Yanjing”lə oynayacaq.
Əsas mərhələnin A qrupunda Niderland, Çexiya və “Warsaw”, C qrupunda Almaniya, Latviya və təsnifatın A qrupunun qalibi, D qrupunda isə Avstriya, “Madrid” və təsnifatın B qrupunun qalibi yer alacaq.
Çempion avqustun 16-da müəyyənləşəcək
Turnirin həlledici mərhələsi avqustun 16-da keçiriləcək. 1/4 final oyunlarına saat 16:00-da start veriləcək. Yarımfinal görüşləri 18:10 və 18:40-da, final isə 19:40-da başlayacaq. Mükafatlandırma mərasimi saat 20:10-a planlaşdırılıb.
FIBA 3×3 Women’s Series qadınlar arasında 3×3 basketbolunun əsas peşəkar beynəlxalq seriyasıdır. Sea Breeze mərhələsindən sonra mövsümün növbəti turnirləri Bordo, Banqkok, Debretsen və Takasakidə keçiriləcək, final isə sentyabrın 5-6-da Şanxayda baş tutacaq.
Sea Breeze-də keçiriləcək yarışa tamaşaçıların girişi sərbəstdir.





