Ronaldinyo futboldan sonra basketbola keçir: “Monako” üçün rəsmi təklif

Braziliya futbolunun əfsanəsi Ronaldinyo idmandakı fəaliyyətini tamamilə fərqli istiqamətdə davam etdirə bilər. “Barselona”, PSJ və “Milan”ın sabiq ulduzu maliyyə problemləri yaşayan “Monako” basketbol klubunun gələcəyi ilə bağlı investisiya layihəsinə qoşulub.

2005-ci ilin “Qızıl top” mükafatçısı Andorranın Clayton Sport investisiya fondu ilə birlikdə hərəkət edir. Tərəflər “Monako”nun icraçı direktoru Oleksiy Yefimova klubun maliyyələşdirilməsi və idarə olunması ilə bağlı niyyət məktubu göndəriblər.

Məsələ “Monako” üçün xüsusilə həssas dövrə təsadüf edir. 2026-cı ildə Fransa çempionu olan klub maliyyə çətinlikləri səbəbindən 2026/27 mövsümündə ölkənin peşəkar liqalarında iştirak hüququ ilə bağlı problemlə üzləşib. Fransada maliyyə nəzarətini həyata keçirən DNCCG klubun iqtisadi dayanıqlığına dair kifayət qədər təminat olmadığını əsas gətirib.

Ronaldinyonun daxil olduğu layihənin maliyyə planı

Təklifin şərtlərinə əsasən, potensial investorlar “Monako”nun EuroLeague qarşısındakı təxminən 2,5 milyon avroluq borcunu ödəməyə və DNCCG-nin tələb etdiyi 5 milyon avroluq bank təminatını təqdim etməyə hazırdırlar.

Layihənin yalnız mövcud borcların bağlanması ilə məhdudlaşmadığı bildirilir. Plan 3-5 illik dövrü əhatə edir və klubun fəaliyyətinə hər mövsüm təxminən 10 milyon avroya qədər investisiya yatırılmasını nəzərdə tutur.

Ronaldinyonun layihədə sadəcə tanınmış sima kimi iştirak etməsi planlaşdırılmır. Braziliyalının öz vəsaiti ilə sərmayə yatırmaq və gələcək strukturda aktiv rol almaq ehtimalı da nəzərdən keçirilir.

Beləliklə, razılaşma reallaşarsa, futbol tarixinin ən məşhur simalarından biri karyerasında yeni mərhələyə qədəm qoyaraq peşəkar basketbol biznesinə daxil ola bilər. “Monako” üçün isə yeni investorların tapılması klubun maliyyə sabitliyini bərpa etmək və yüksək səviyyədə fəaliyyətini davam etdirmək baxımından həlledici əhəmiyyət daşıyır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni