FIBA 3×3 Dünya Qadın Seriyasının növbəti mərhələsi avqustun 15-16-da Azərbaycanın ev sahibliyi ilə Sea Breeze məkanında keçiriləcək. Turnirdə ümumilikdə 16 komanda iştirak edəcək və iki gün ərzində həm təsnifat, həm də əsas mərhələnin oyunları baş tutacaq. Sea Breeze mərhələsi FIBA-nın 2026-cı il Dünya Qadın Seriyasının rəsmi təqvimində yer alan dayanacaqlardan biridir.
Yarışda Azərbaycan millisi və “Neftçi SOCAR”la yanaşı, Niderland, Almaniya, Avstriya, Latviya, Çexiya, Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, Çinin “Yanjinq”, İspaniyanın “Madrid” və “Arrasate Ointxe”, eləcə də Polşanın “Varşava” komandaları çıxış edəcəklər. Turnirin ilk günü təsnifat qarşılaşmaları ilə başlayacaq, daha sonra isə əsas qrup mərhələsinin oyunları keçiriləcək.
Azərbaycan millisi və “Neftçi SOCAR” ilk oyunlarına çıxacaq
Əsas mərhələnin C qrupuna yüksəlmək uğrunda mübarizə aparacaq Azərbaycan millisi təsnifat mərhələsində iki görüş keçirəcək. Yığmamız saat 10:00-da turnirin açılış oyununda Ukrayna ilə üz-üzə gələcək. Komanda ikinci sınağını isə saat 10:50-də Misir seçməsinə qarşı verəcək.
Günün ikinci yarısında diqqətlər əsas mərhələnin qarşılaşmalarına yönələcək. B qrupunda yer alan “Neftçi SOCAR” saat 15:50-də İspaniyanın “Arrasate Ointxe” kollektivi ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi qrupdakı ikinci matçını isə saat 17:40-da Çinin “Yanjinq” komandasına qarşı keçirəcək.
Qeyd edək ki, hər qrupda ilk iki yeri tutan komandalar 1/4 final mərhələsinə yüksələcəklər. Turnirin həlledici oyunları avqustun 16-da keçiriləcək. Həmin gün 1/4 final, yarımfinal və final görüşləri təşkil olunacaq və Sea Breeze mərhələsinin qalibi müəyyənləşəcək.





