Keçmiş “Mayami Hit” basketbolçusu Qeyb Vinsent Bam Adebayonun tarixi 83 xallıq çıxışından sonra səslənən tənqidləri haqsız hesab etdiyini bildirib. Onun fikrincə, NBA tarixinin ən yaddaqalan fərdi performanslarından birini göstərən oyunçu təriflənmək əvəzinə əsassız iradlarla üzləşib. Vinsent bu barədə Numbers On The Board podkastında danışıb.
Vinsent: “83 xal toplamaq məşqdə belə asan deyil”
Qeyb Vinsent bildirib ki, Adebayonun Kobe Brayantın 81 xallıq göstəricisini geridə qoyması bəzi azarkeşlərin narazılığına səbəb olub, lakin o, bu münasibəti başa düşmür.
“Problem onun Kobedən çox xal toplamasıdır? Yoxsa nədir? Əgər daha çox stepbek və krossover etsəydi, amma yenə 83 xal yığsaydı, bu, insanlara daha çox xoş gələrdi? 83 xal toplamaq məşqdə belə asan deyil, buna görə də onun haqqını vermək lazımdır. Üstəlik, Uilt Çemberlenin 100 xallıq oyununun videosu hələ də yoxdur. Bamın ünvanına yönələn bu qədər tənqidə görə ona yazığım gəlir”, – deyə Vinsent vurğulayıb.
Adebayo NBA tarixinə düşüb
Xatırladaq ki, Bam Adebayo mart ayında “Vaşinqton Uizards”la oyunda 150:129 hesablı qələbədə 83 xal toplayaraq NBA tarixinin ikinci ən məhsuldar fərdi çıxışına imza atıb. O, qarşılaşmada aşağıdakı statistik göstəricilərlə yadda qalıb:
- 83 xal
- 9 ribaund
- 3 məhsuldar ötürmə
- 2 blok
- 2 topalma
- 20/43 dəqiq iki və üç xallıq atış
- 7/22 üç xallıq atış
- 36/43 cərimə atışı
- 5 top itkisi
Bu nəticə ilə Adebayo 2006-cı ildə “Toronto Raptors”a qarşı 81 xal toplayan Kobe Brayantı geridə qoyaraq NBA tarixində ikinci pilləyə yüksəlib. Liqanın mütləq rekordu isə 1962-ci ildə “Nyu-York”a qarşı 100 xal toplayan Uilt Çemberlenə məxsus olaraq qalır. Həmin tarixi oyunun tam video görüntüsü isə bu günədək mövcud deyil.





