Misli Premyer Liqasının 2026/2027 mövsümündə ilk turun proqramı bu gün keçiriləcək son qarşılaşma ilə başa çatacaq. Turun yekun matçında son illərin çempionu “Qarabağ” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və start fiti saat 19:30-da səslənəcək. Maraqlıdır ki, görüş əvvəlcə “Şamaxı”nın meydanında keçirilməli idi. Lakin klubun stadionunda süni işıqlandırma sisteminin olmaması səbəbindən oyun Bakıya keçirilib.
İlk turun yekununda diqqətlər Bakıya yönələcək
Mövsümə uğurlu başlamağı hədəfləyən Qurban Qurbanovun komandası ilk üç xalını qazanmağa çalışacaq. “Şamaxı” isə yeni çempionatdakı ilk sınağında son çempiona qarşı sürpriz nəticə əldə etməyə ümid edir.
Turun əvvəlki oyunlarında azarkeşlər bir neçə maraqlı nəticəyə şahid olublar. “Turan Tovuz” minimal hesabla “Qəbələ”ni məğlub edib, “Sabah” “Kəpəz” üzərində inamlı qələbə qazanıb, “Neftçi” isə “Sumqayıt”ı üstələyib. “Zirə” “Şəfa”nı məğlub etdiyi halda, “Araz-Naxçıvan” və “İmişli”nin duelində qalib müəyyənləşməyib.
İlk turun əvvəlki nəticələri:
- “Turan Tovuz” – “Qəbələ” 1:0
- “Sabah” – “Kəpəz” 2:0
- “Sumqayıt” – “Neftçi” 1:3
- “Zirə” – “Şəfa” 2:0
- “Araz-Naxçıvan” – “İmişli” 0:0
Misli Premyer Liqası, I tur – 17 avqust
19:30. “Qarabağ” – “Şamaxı”
- Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirməmməd Məmmədov, Cavid Cəlilov.
- VAR: İnqilab Məmmədov.
- AVAR: Kərim Zeynalov.
- Hakim-inspektor: Ceyhun Haşımov.
- AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
- Stadion: Tofiq Bəhramov adına Respublika stadionu.



