Ceyms Harden NBA karyerasını “Klivlend Kavalyers”də davam etdirəcək. Tərəflər yeni uzunmüddətli müqavilənin şərtləri üzrə razılıq əldə ediblər.
Son məlumatlara görə, 36 yaşlı müdafiəçi ilə bağlı qərar “Klivlend”in “Denver Naqqets”dən Peyton Uotsonu heyətinə qatdığı mübadilənin tamamlanmasından sonra rəsmiləşib. Hardenin yeni müqaviləsinin imzalanmasının məhz bu keçid yekunlaşana qədər gözlədildiyi bildirilirdi.
Əvvəlki xəbərlərdə tərəflərin iki illik və 60-75 milyon dollar aralığında müqaviləni müzakirə etdiyi qeyd olunurdu. Lakin yekun razılaşmanın şərtləri fərqli olub: Harden “Kavalyers”lə 3 illik 97 milyon dollarlıq müqavilə üzrə razılığa gəlib. Son mövsüm üçün basketbolçunun seçim hüququ da nəzərdə tutulub.
Harden “Klivlend”də qalmağı seçdi
Təcrübəli basketbolçu daha əvvəl 2026/27 mövsümü üçün nəzərdə tutulan 42,3 milyon dollarlıq oyunçu opsiyasından imtina etmişdi. Bu qərar ona klubla daha uzunmüddətli müqavilə müzakirə etmək imkanı yaratmışdı.
Harden “Klivlend”ə 2026-cı ilin fevralında “Los-Anceles Klippers”dən keçmişdi. O, ötən müntəzəm mövsümdə “Kavalyers”in heyətində 26 oyuna çıxaraq orta hesabla 20,5 xal və 7,7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Klivlend” eyni zamanda Peyton Uotsonu da heyətinə qataraq yeni mövsüm öncəsi heyətini gücləndirib. 24 yaşlı basketbolçu ilə dörd illik, 88 milyon dollarlıq müqavilə razılaşdırılıb.





