Formula 1-də pilot bazarında verilən bəzi qərarlar təkcə bir komandanın deyil, bütün çempionatın gələcəyinə təsir edib. Lyuis Hemiltonun “Ferrari”yə keçidi bunun ən son nümunələrindən biridir. Yeddiqat dünya çempionunun “Mercedes”dən ayrılması son illərin ən böyük transfer hadisələrindən biri kimi qiymətləndirilib.
Tarixdə isə uğurlu risklərdən karyeranı dalana dirəyən seçimlərə qədər çoxsaylı gözlənilməz keçidlər olub. Bəziləri yeni dominant dövrün əsasını qoyub, digərləri isə dünya çempionlarını qələbə uğrunda mübarizədən uzaqlaşdırıb.
1. Lyuis Hemilton – “Mercedes”dən “Ferrari”yə, 2025
Hemilton 2013-cü ildən “Mercedes”in əsas simalarından biri idi və komanda ilə altı dünya çempionluğu qazandı. Lakin 2022-ci ildə yeni texniki reqlament qüvvəyə mindikdən sonra komandanın əvvəlki dominantlığına son qoyuldu.
2024-cü ilin əvvəlində britaniyalının növbəti mövsümdən “Ferrari”yə keçəcəyi açıqlandı. Bu qərar xüsusilə ona görə böyük rezonans yaratdı ki, Hemilton bundan bir neçə ay əvvəl “Mercedes”lə müqaviləsini uzatmışdı.
2. Daniel Rikkardo – “Red Bull”dan “Renault”ya, 2019
Daniel Rikkardo “Red Bull”da yeddi Qran-pri qələbəsi qazanaraq komandanın aparıcı pilotlarından birinə çevrilmişdi. Maks Ferstappenin yüksəlişindən sonra isə avstraliyalının komandadakı mövqeyi dəyişməyə başladı.
Rikkardo 2019-cu il mövsümü üçün gözlənilmədən “Renault”ya keçdi. Qələbələr uğrunda mübarizə aparan komandadan həmin vaxt orta qrupda olan layihəyə keçməsi pilot bazarının ən böyük sürprizlərindən sayılırdı.
3. Lyuis Hemilton – “McLaren”dən “Mercedes”ə, 2013
Hemiltonun “Ferrari” qərarından əvvəl də karyerasında böyük risk olmuşdu. O, Formula 1-də debüt etdiyi və 2008-ci ildə ilk dünya çempionluğunu qazandığı “McLaren”i 2012-ci ilin sonunda tərk etdi.
Həmin vaxt “Mercedes” 2010-cu ildə zavod komandası kimi qayıtdıqdan sonra cəmi bir yarış qazanmışdı. Buna görə Hemiltonun seçimi riskli görünürdü. Sonrakı illərdə isə bu transfer Formula 1 tarixinin ən uğurlu qərarlarından birinə çevrildi: britaniyalı “Mercedes”lə daha altı dünya çempionluğu qazandı.
4. Jak Vilnöv – “Williams”dan BAR-a, 1999
1997-ci ilin dünya çempionu Jak Vilnöv cəmi iki mövsümdə Formula 1-in ən böyük ulduzlarından birinə çevrilmişdi. “Williams”ın nəticələri zəiflədikdən sonra kanadalı yeni layihəyə qoşulmağa qərar verdi.
O, 1999-cu ildə yeni yaradılmış British American Racing komandasına keçdi. İlk mövsüm gözləntilərdən çox uzaq oldu: Vilnöv 16 yarışın 12-də finiş görə bilmədi və xal qazana bilmədi. Sonrakı mövsümlərdə də BAR çempionluq uğrunda mübarizə aparacaq səviyyəyə çata bilmədi.
5. Deymon Hill – “Williams”dan “Arrows”a, 1997
Deymon Hill 1996-cı ildə “Williams”la dünya çempionu olsa da, növbəti mövsüm komandada qalmadı. Çempionluq qazanan pilotun müqaviləsinin yenilənməməsi həmin dövrdə böyük rezonans doğurdu.
Seçimləri məhdudlaşan britaniyalı 1997-ci ildə “Arrows”a qoşuldu. Komanda liderlərdən xeyli geri qalırdı və Hill çempionluq uğrunda mübarizədən birdən-birə aşağı sıralara düşdü. Buna baxmayaraq, Macarıstan Qran-prisində sensasiyaya yaxınlaşaraq yarışı ikinci pillədə tamamladı.
6. Mixael Şumaxer – “Benetton”dan “Ferrari”yə, 1996
Şumaxer 1994 və 1995-ci illərdə ardıcıl iki dünya çempionluğu qazandıqdan sonra “Ferrari”yə keçdi. İtaliya komandası həmin vaxt uzun müddətdir pilotlar çempionluğunu qazana bilmirdi və almanın qərarı böyük risk hesab olunurdu.
Şumaxer artıq ilk mövsümündə üç yarış qazandı. Əsl dönüş isə 2000-ci ildə baş verdi: o, “Ferrari”yə 1979-cu ildən bəri ilk pilotlar çempionluğunu gətirdi və ardınca 2004-cü ilin sonuna qədər beş dəfə dalbadal dünya çempionu oldu.
7. Naycel Mansell – “Ferrari”dən “Williams”a, 1991
Naycel Mansellin “Ferrari”dəki dövrü texniki problemlər və komanda daxilində gərginliklə yadda qalmışdı. Britaniyalı hətta 1990-cı ildə Formula 1-dən getmək niyyətini açıqlamışdı.
Lakin Frank Uilyams onu fikrindən daşındırdı və Mansell 1991-ci ildə keçmiş komandasına qayıtdı. Qərar özünü doğrultdu: o, həmin mövsüm çempionatda ikinci oldu, 1992-ci ildə isə dominant çıxış edərək karyerasının ilk və yeganə Formula 1 dünya çempionluğunu qazandı.
8. Alen Prost – “McLaren”dən “Ferrari”yə, 1990
Alen Prost “McLaren”lə üç dünya çempionluğu qazansa da, Ayrton Sennanın komandaya gəlməsi iki ulduz arasında Formula 1 tarixinin ən məşhur rəqabətlərindən birini yaratdı.
Münasibətlər 1989-cu ildə pik həddə çatdı və Prost növbəti mövsüm üçün “Ferrari” ilə razılaşdı. Fransalı “Ferrari”də ilk mövsümündəcə dünya çempionluğu uğrunda Senna ilə son yarışlara qədər mübarizə apardı.
9. Emerson Fittipaldi – “McLaren”dən “Copersucar-Fittipaldi”yə, 1976
İkiqat dünya çempionu Emerson Fittipaldi 1974-cü ildə “McLaren”lə titul qazanmış, 1975-ci ildə isə çempionatı ikinci pillədə tamamlamışdı. Buna baxmayaraq, braziliyalı Formula 1-in aparıcı komandalarından birini tərk etmək qərarına gəldi.
O, qardaşı Uilsonun yaratdığı Braziliya layihəsinə qoşuldu. Milli komanda qurmaq ideyası böyük maraq doğursa da, idman nəticələri gözləntiləri doğrultmadı. Fittipaldi əvvəlki illərdə olduğu kimi çempionluq uğrunda mübarizəyə qayıda bilmədi.
10. Xuan Manuel Fanxio – “Maserati”dən “Mercedes”ə, 1954
Xuan Manuel Fanxionun transferi digərlərindən fərqli idi, çünki argentinalı pilot komandasını mövsümün ortasında dəyişdi.
Fanxio 1954-cü ilə “Maserati” ilə başladı və Argentina ilə Belçikada qalib gəldi. “Mercedes” Fransa Qran-prisində Formula 1-ə daxil olduqdan sonra isə argentinalı alman istehsalçısının heyətinə keçdi.
Nəticə dərhal özünü göstərdi. Fanxio həmin mövsüm dünya çempionluğunu qazandı, 1955-ci ildə isə “Mercedes”lə titulunu qorudu. Beləliklə, mövsümün ortasında verilmiş qeyri-adi qərar Formula 1 tarixinin ən uğurlu transferlərindən birinə çevrildi.
Bu keçidlərin hər biri göstərib ki, Formula 1-də pilotun komanda seçimi avtomobilin sürəti qədər həlledici ola bilər. Şumaxer və Hemilton kimi pilotların riskləri uzunmüddətli dominantlığa çevrildiyi halda, Vilnöv və Fittipaldi kimi çempionların seçimləri gözlənilən nəticələri verməyib.



