Britaniya boksunun ən böyük ümidlərindən sayılan Mozes İtauma karyerasının ən vacib döyüşünə hazırlaşır. 21 yaşlı məğlubedilməz ağır çəkili boksçu avqustun 29-da Londondakı O2 Arenada xorvatiyalı Filip Hrqoviçlə vakant IBF dünya çempionluğu uğrunda qarşılaşacaq.
İtauma Slovakiyada nigeriyalı ata və slovakiyalı ananın ailəsində dünyaya gəlib, daha sonra uşaqlıq illərində ailəsi ilə İngiltərənin Kent bölgəsinə köçüb. Valideynləri əvvəlcə onun həkim və ya hüquqşünas olmasını istəyiblər. Lakin böyük qardaşının peşəkar boksa keçməsi və Mozesin istedadının üzə çıxması ailənin fikrini dəyişib.
İtauma hazırda çiyinlərində Britaniya boksunun gələcəyi ilə bağlı böyük gözləntilər olduğunu etiraf edir: “Britaniya boksunun bayrağını daşımaq üçün çiyinlərimdə böyük gözləntilər var. Sadəcə, onların öhdəsindən gəlməliyəm”.
İtauma Mayk Taysondan sonra tarixə düşə bilər
Hrqoviç üzərində qələbə İtaumanı ağır çəkidə dünya çempionu olan ikinci ən gənc boksçuya çevirəcək. Rekord hələ də Mayk Taysona məxsusdur. Amerikalı əfsanə 1986-cı ildə 20 yaşında Trevor Berbiki məğlub edərək WBC kəmərini qazanmışdı.
İtauma ilk dünya çempionluğu döyüşünə cəmi 15-ci peşəkar qarşılaşmasında çıxacaq. Onun rekordu 14 qələbə, 0 məğlubiyyət və 12 nokautdur. Bu mərhələyə çatmaq üçün britaniyalı cəmi 31 raund keçirib.
Müqayisə üçün, Entoni Coşua IBF kəməri uğrunda Çarlz Martinlə 16-cı peşəkar döyüşündə qarşılaşmış və həmin vaxta qədər 34 raund keçirmişdi. Bununla belə, Coşuanın Olimpiya çempionluğu və daha geniş həvəskar boks təcrübəsi var idi.
Hrqoviç gənc britaniyalının ən ciddi sınağı olacaq
34 yaşlı Filip Hrqoviç peşəkar rinqdə 20 qələbə və 1 məğlubiyyətə malikdir, 15 görüşünü nokautla başa vurub. 2016-cı il Rio Olimpiadasının bürünc medalçısının yeganə məğlubiyyəti 2024-cü ildə Daniel Dyubuaya qarşı olub.
İtaumanın sakit xarakteri də diqqət çəkir. O, döyüş həftəsində şou və qarşılıqlı söz atışmalarından mümkün qədər uzaq qalmağa çalışır. “İnsanların səni ictimai mülkiyyət hesab etməsi məni ən çox qıcıqlandıran şeydir. Əslində diqqət mərkəzində olmaq istəmirəm. Sadəcə, karyeramın gedişinə görə başqa seçimim yoxdur”, – deyə britaniyalı bildirib.
Onun məşqçisi Ben Devison isə gənc boksçunun artan təzyiqə hazır olduğuna inanır: “Təzyiq imtiyazdır. Mozes uzun müddətdir bu təzyiq altındadır və düşünürəm ki, bu, ona təsir etmir”.
İtauma Hrqoviçi məğlub edərsə, təkcə IBF kəmərini qazanmayacaq, həm də Britaniya ağır çəkisinin yeni liderlərindən biri kimi mövqeyini möhkəmləndirəcək. Qalibin ilk titul müdafiəsində IBF-in məcburi iddiaçısı Frank Sançeslə qarşılaşması nəzərdə tutulur.





